Koronavirusdan ölənlərin beyin kapillyarlarında qan laxtaları müəyyən olunub
- 16-02-2021, 08:12
- Cəmiyyət
Məhz onlara görə, xəstələrin beyninə kifayət qədər oksigen daxil olmayıb.
Amerikalı alimlərin bu barədə yazıları “JAMA Neurology” elmi jurnalında qeyd edilib.
“COVID-19-dan vəfat edən və şüurun fəaliyyətində ciddi narahatlıqlar yaşayan beş nəfərin sinir toxuması və qan damarlarının nümunələrini araşdırdıq. Onların kapillyarlarında xroniki oksigen çatışmazlığı və çox sayda meqakaryosit (trombositləri yaradır) izləri tapılıb”, - deyə alimlər bildirib.
Onlar həmçinin vurğulayıb ki, SARS-CoV-2-nin yeni növü təkcə ağ ciyərdəki hüceyrələri deyil, həm də burunun selikli qişasını, yemək borusunu, qan damarlarını və ürəyi də zədələyir.
Yoluxanlar qoxu hissini itirir, onların bağırsaqları zəif işləməyə başlayır. Əgər beyin virusun hücumuna məruz qalırsa, insanda şüurun, yaddaşın və intellektual qabiliyyətin zəifləməsi müşahidə olunur.
Virusa görə tromblaşmanın meydana gəlməsinin dəqiq səbəbi hələ müəyyən olunmayıb.(Oxu.az)