Dörd ölkədən Azərbaycana ət məhsullarının daxil olmasına qadağa qoyuldu
- 16-01-2021, 12:20
- Cəmiyyət
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub. Oxu.az