Главная > Siyasət > Prezident “Kəlbəcərin azad olunmasına görə” medalının əsasnaməsini təsdiqləyib

Prezident “Kəlbəcərin azad olunmasına görə” medalının əsasnaməsini təsdiqləyib


1-12-2020, 20:23. Разместил: azadses
Prezident İlham Əliyev “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.
''Azad Səs''-in məlumatına görə, “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Şuşanın azad olunmasına görə” medalından sonra taxılır.
“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “KƏLBƏCƏR”, aşağı qövs boyunca “15 NOYABR 2020” sözləri yazılmışdır. “15 NOYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. “KƏLBƏCƏR” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “KƏLBƏCƏRİN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.Report


Вернуться назад