Главная > Siyasət > “Ordumuz ona başqa çıxış yolu qoymayıb”

“Ordumuz ona başqa çıxış yolu qoymayıb”


10-10-2020, 13:46. Разместил: azadses
“Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi. Dövlətimiz təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində də öz sözünü deyir. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Prezident İlham Əliyev dünyanın nüfuzlu CNN, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “TRT Haber” və digər beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını, öz ərazisində döyüşdüyünü tutarlı faktlarla göstərir. Vaxtilə dünyaya meydan oxuyan Paşinyan hakimiyyəti təslim olmağa hazırdır.
Dünən Qoşulmama Hərəkatının üzv ölkələrin Xarici İşlər nazirlərinin videoformatda iclası keçirilib və tədbirdə birgə bəyanat qəbul edilib. Bəyanatda hərəkatın üzv dövlətlərinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və təşkilatın prinsipial mövqeyinə uyğun olaraq, ölkəmizə həmrəyliklərini bildirirlər. Bu bəyanat ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. Azərbaycanın öz ərazisində və öz torpaqları uğrunda vuruşduğunu diqqətə çatdıran M.İbrahimqızı deyib: 
“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edir, bir sözlə, zəfər salnaməsinin tarixini yazır. Otuz ildir ki, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan düşmənin ardıcıl təxribatlarından əziyyət çəkir. Ermənistan tərəfi 2 ildir ölkəmizə qarşı təxribatlar törətmədə davam edir. Biz bunu iyul ayında Tovuz rayonu istiqamətində hücumda, ardınca Goranboy rayonuna kəşfiyyat-diversiya qrupunu göndərəndə gördük. Azərbaycanın təmas xəttindən uzaq əraziləri raketlə vurulur, mülki əhali hədəfə alınır. Müzəffər Ordumuzun əks-hücumu nəticəsində kəndlərimiz, şəhərlərimiz, strateji yüksəkliklər düşmən tapdağından azad olunur”.
Deputat qeyd edib ki, hazırda məğlubiyyətlə üz-üzə qalan Ermənistan rəhbərliyi təslim olaraq ağ bayraq qaldırır. Çünki Azərbaycan Prezidenti, Ordumuz ona başqa çıxış yolu qoymayıb. Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirib. İndi şərtləri Azərbaycan müəyyənləşdirir. Dövlətimizin başçısı əzmli və qətiyyətli siyasi xadim və lider olduğunu bir daha sübut etdi. Ermənistanın havadarları və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirib.
“Azərbaycan hökuməti münaqişənin sülh yolu ilə həlli üçün nə qədər çalışsa da, bu, mümkün olmadı. Bu müddət ərzində işğalçı ölkə daha azğınlaşdı və yeni ərazilər uğrunda yeni müharibələr xülyasına düşdü. Artıq bıçaq sümüyə dirəndi, düşmənin cavabı verilməli idi və verildi.
Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə sentyabrın 27-dən başlayaraq bu günədək şanlı tarix yazır. Bu, bizim qürur tariximizdir, mənliyimizin təsdiqidir. Prezident İlham Əliyevin sözləri ilə desək, Ordumuz regionda haqqı və ədaləti bərqərar etmək üçün döyüşür, bu, haqqı tapdanmış Azərbaycan xalqının mübarizəsidir. Qarabağ Azərbaycandır və Azərbaycanın da olaraq qalacaq”, - deyə deputat əminliyini ifadə edib.

Вернуться назад