Главная > Siyasət > “Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Polad Bülbüloğlu

“Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Polad Bülbüloğlu


7-10-2020, 10:15. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi bəyanatları danışıqları mənasız etdi və ATƏT-in Minsk Qrupunun 28 illik işinin üzərindən xətt çəkdi.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "TASS"a müsahibəsində deyib.
 
Səfir bildirib ki, Qarabağda gərginliyin qarşısını almaq olardı, ancaq İrəvan tərəfindən buna təhrik edildi:
 
"Azərbaycan Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişdirmək cəhdləri ilə, həmçinin təmas xəttində və ondan kənarda təxribatlarla qarşılaşdı. Bakı bir neçə dəfə İrəvana Qarabağ məsələsində mövqeyini dəyişdirməyin zəruriliyi barədə xəbərdarlıq etdi, lakin erməni tərəfindən məqbul cavab ala bilmədi.
 
Azərbaycan Prezidenti dəfələrlə xalqın gözləməkdən yorulduğunu və ölkəmizin tarixi torpaqlarının itirilməsini heç vaxt qəbul etməyəcəyini, məsələni sülh yolu ilə həll etmək istədiyimizi, zərurət yarananda ərazilərimizi güc yolu ilə azad edəcəyimizi söylədi. Ancaq bizi eşitmədilər".


P.Bülbüloğlu Ermənistanın Cenevrə Konvensiyasını pozaraq Suriyadan və Livandan Şuşa şəhərinə erməni ailələrinin köçürülməsinin əvvəllər əldə olunmuş razılaşmaları pozduğunu əlavə edib.


“Beynəlxalq ictimaiyyət susmağa üstünlük verdi. Bu mövqe isə yeni əraziləri ələ keçirmək üçün müharibə hazırlığı elan etməyə başlayan, şəhər və kəndləri intensiv şəkildə atəşə tutan, təxribatlar törədən təcavüzkarın əllərini tamamilə açdı”.


Səfir Azərbaycan cəmiyyətinin ölkə Prezidentinin xəttini tam dəstəklədiyini və ən yüksək vətənpərvərlik ruhunu nümayiş etdirdiyini deyib.


"Hamı bir nəfər kimi Ali Baş Komandanımızın ətrafında toplandı. Ölkənin müasir tarixində ilk dəfə olaraq müxalifət partiyaları da daxil olmaqla bütün siyasi partiyalar Prezidentin işğal olunmuş əraziləri azad etmək kursuna tam dəstək verdiklərini bildirdilər. Və Prezidentimizin dediyi kimi:" Əgər beynəlxalq birlik beynəlxalq qətnamələrin həyata keçirilməsini təmin edə bilmirsə, o zaman Azərbaycan bunu özü edəcək".


P. Bülbüloğlu bildirib ki, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rolu ədalətli və balanslıdır.


Səfir Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri və BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladıb. Bundan əlavə, Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qurumu tanımır.


Вернуться назад