Главная > Siyasət > Azərbaycan Prezidenti növbədənkənar parlament seçkilərinə münasibət bildirib

Azərbaycan Prezidenti növbədənkənar parlament seçkilərinə münasibət bildirib


24-12-2019, 07:28. Разместил: azadses

“Bilirsiniz, parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir. Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Prezident qeyd edib ki, belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin: “Digər tərəfdən, onu da bildirməliyəm ki, bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar.
Вернуться назад