Главная > Siyasət > YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı
YAP erməni təxribatları ilə bağlı bəyanat yaydı27-09-2020, 12:50. Разместил: azadses |
Yeni Azərbaycan Partiyası cəbhəboyu təmas xəttində erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bəyanatda deyilir: “Sentyabr ayının 27-də səhər saat 06.00-da düşmən bütün cəbhə boyu yeni və iyrənc hərbi təxribat törətmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Ağır döyüşlər gedir. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejimi cəbhədə təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışır. Bu, indiki Ermənistan rəhbərliyinin əsl faşist mahiyyətindən xəbər verir. Bütün dünyada sülhün carçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq icmaya meydan oxumaq, sülhə xəyanət etməkdir. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əminamanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir. Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz yurd – yuvalarına qayıtması naminə mübarizəsi ədalətin və sülhün bərqərar olması məqsədlərinə xidmət edir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadir və hazırdır. Heç bir təxribat və xəyanət Silahlı Qüvvələrimizi haqq işi yolunda müqəddəs savaşından çəkindirə bilməz. Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onunla birdir. Bütün xalqı yağı düşmənə layiqli cavab vermək, doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə Ali Baş Komandanın ətrafında sıx birləşməyə, səfərbər olmağa, Qəhrəman Azərbaycan Ordusuna mənəvi güc və ruh mənbəyi olmağa çağırırıq. Xalqın və Ordunun bir yumruq kimi birləşərək düşmənə həlledici zərbənin endirməsi zamanıdır. İgidlik, şücaət və fədakarlıq zamanıdır. Həqiqət anıdır. Ədalətin və qəhrəmanlığın, Rəhbərin və Xalqın birliyinin qüdrətinin zəfər çaldığı həqiqət anı. Yeni Azərbaycan Partiyası olaraq, Ordumuzla qürur duyduğumuzu, onunla birgə olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin növbəti erməni təxribatına layiqli cavab verəcəyinə, düşmənə sarsıdıcı zərbələr endirəcəyinə və xalqımıza haqqı olan QƏLƏBƏNİ bəxş edəcəyinə dərindən inanırıq. O gün uzaqda deyil. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!” Вернуться назад |