Главная > Siyasət > Erməni tarixçi Ermənistanın Azərbaycana qarşı çəkdiyi filmi darmadağın etdi

Erməni tarixçi Ermənistanın Azərbaycana qarşı çəkdiyi filmi darmadağın etdi


22-09-2020, 09:07. Разместил: azadses
Erməni tarixçi Filip Ekozyants "İrəvan. Azərbaycanın qadağan olunmuş tarixi" adlı erməni filmində yer alan saxta, yalan məlumatları tənqid və ifşa edib.

''Azad Səs'' Qaynarinfo-ya istinadən xəbər verir ki, Ukraynanın Xarkov şəhərində yaşayan, əslən Ərzurumdan olan tarixçinin növbəti araşdırma videosu yenə də öz obyektivliyi ilə diqqət çəkib. 

Bu filmdə erməni tərəfi yenə də "Azərbaycanın 1918-ci ilədək mövcud olmadığını" və İrəvanın "qədim bir erməni şəhəri olduğunu" sübut etməyə çalışır. Bu film "İrəvanın 2800 illiyi" kimi bir saxta tarixlə - dünya elmində və cəmiyyətində çoxdan lağa qoyulan miflə üst-üstə düşür.

Diqqət verin, erməni filmi AzerGlobe İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi tərəfindən bölgəmizin, o cümlədən İrəvan şəhərinin gerçək tarixini üzə çıxaran, tarixi faktlara və arxiv materiallarına əsaslanaraq çəkilmiş məşhur "Ermənistanın və Azərbaycanın qadağan olunmuş tarixi” filminin adını kopyalayıb. Göründüyü kimi, "İrəvan. Azərbaycanın qadağan olunmuş tarixi" filmi rəsmi İrəvanın bir növ "asimmetrik" cavabı olub.

İndi isə "İrəvan. Azərbaycanın qadağan olunmuş tarixi" filmində yer alan saxtakarlıqların bir hissəsini məhv edən erməni tədqiqatçı Filip Ekozyantsdan sitat gətirək. Qeyd edək ki, F.Ekozyants "Hayastan” və bölgəmizin tarixinin saxtalaşdırılmasını ifşa edən bir sıra filmlərin müəllifidir.

"Bu film haqqında ətraflı bir video hazırladığım üçün təəssüf edirəm. Burada yalnız əsas ifadələr və səsləndirilən "faktlar" haqqında danışacağam", - F. Ekozyants öz sosial şəbəkə hesabında deyib və filmdəki bəzi məqamları şərh edib:

"1. Dr. Kave Farox belə bir tarixi birliyin (Azərbaycan) 1918-ci ilə qədər mövcud olmadığını iddia edir.

Filipin cavabı: Mən artıq Jan Şardenin (Qafqazı və İrəvanı ziyarət etmiş XVII əsr fransız səyyahı) orijinal "Gündəliklər"inin fotokopisini göstərmişəm, burada təmiz fransız dilində vilayətin və eyniadlı bölgənin varlığının 17-ci əsrdə məlum olduğu, üstəlik adın mənşəyi haqda mübahisələrin mövcudluğu haqda bildirilir. Söhbət də Atropatena adından deyil, məhz AZƏRBAYCAN adından gedir. Kanadalı həkimin (Kave Farokh) nəçi olduğunu bilmirəm, amma Kanadada fransız dili dövlət dilidir.

2. Filmdə üzərində "Ermənistan" yazılmış xəritələr göstərilir.

Filipin cavabı: Bəli, bu xəritələrdə belə bir söz - Ermənistan var (bu xəritələrin tarixlənməsi ayrıca müzakirə olunmalıdır). Ancaq bütün bu xəritələrdə bu adın yalnız coğrafi deyil, həm də siyasi və ya inzibati olduğuna dair bir dəlil yoxdur. Ermənistan adının müstəsna coğrafi mənasını Londondan olan tarixi xəritələrin tədqiqatçısı Ruben Qaliçan da təsdiqləyir: Herodot "Dəclə və Fərat mənbələrinin şimalında yerləşən ƏRAZİ”dən bəhs edir.

3. Filmdə Şardenin 1673-cü ildə İrəvanın eskizini çəkdiyi və Alman nəşrində onu Ermənistanın paytaxtı adlandırdığı deyilir.

Filipin cavabı: Şardenin (1686) original, yəni sağ olduğu vaxtda çap olunan ilk nəşrində belə bir yazı ümumiyyətlə yoxdur. Göründüyü kimi, o, daha sonra, növbəti nəşrlərdə edilib. Ancaq burada da filmin müəllifləri sözün əsl mənasında tamaşaçını ələ salaraq yazının belə tərcümə olunduğunu söyləyirlər: YEREVAN - ERMƏNİSTANIN PAYTAXTI. Əslində bu kitabə YEREVAN – "Ermənistanda paytaxt” olaraq tərcümə olunur (vurğulayıram, paytaxt ERMƏNİSTAN deyil, ERMƏNİSTANDA paytaxt), bu da Ermənistan adının coğrafi mənasını göstərir. Və Ermənistan dövlətindən danışmadığımız üçün Hauptstadt (paytaxt, bir dövlətin və ya digər inzibati vahidin siyasi mərkəzi) sözü Persiya vilayətinə işarə edir.

4. Filmdə "bir neçə əsrlik xarici hökmranlıqdan sonra Ermənistan universitetləri yenidən açıldı” deyə qeyd olunur.

Filipin cavabı: Sovet Rusiyasının meydana çıxmasından əvvəl Moskvadakı Lazarevski (institut) və Venesiya yaxınlığındakı Müqəddəs Lazar adasındakı təhsil müəssisələri xaricində heç bir erməni universiteti olmayıb.

5. Filmdə "Türkiyənin Bolşevik Rusiyası ilə ittifaqda 1920-ci ilin sentyabrında Ermənistana qarşı müharibəyə başladığı" bildirilir. Ermənistanın məğlubiyyətindən sonra isə Qarabağ və Naxçıvan ondan ayrılıb və Azərbaycana birləşdirilib. 

Filipin cavabı: Film rejissorları birbaşa Ermənistan Respublikasını yaradan Sovet Rusiyasının ona hücum etdiyini söyləyirlər. Buna necə münasibət bildirəcəyimi də bilmirəm. Və "əbədi erməni" torpaqlarının ilhaqı haqqında... Mən bunu belə başa düşürəm: Qarabağ və Naxçıvan Sovet Rusiyası və Türkiyə tərəfindən yaradılan, sonra da onlar tərəfindən işğal edilən, bir il müstəqil olmuş Ermənistan dövlətinin bir hissəsi olub... Məncə, Qarik Martirosyan üçün əla materialdır.

İrəvanın 2800 illik mövcudluğuna dair "dəlil" haqda isə artıq fikrimi bildirdim.

P.S. Filmdə Avraam Linkolndan sitat gətirilir: "İnsanların bir hissəsini hər zaman aldada bilərsən, bütün insanları isə bir müddət aldada bilərsən. Ancaq bütün xalqları həmişə aldada bilməzsən".

Avraam Linkolnun bunu deyib-demədiyini bilmirəm. Hətta demiş olsa belə, bu o demək deyil ki, insanların aldadılması məsələsi məhz belədir. Və düşünürəm ki, bütün (erməni) tariximiz bizim və atalarımızın həyatı onu deyir ki, bütün xalqları həmişə aldada bilərsiniz. Bu film də erməni xalqının bu cür yalan və demaqogiyanı necə alçaqca mənimsədiyinin bariz nümunəsidir".

F. Ekozyantsın açıqlamalarına cavab olaraq, bəzi erməni tədqiqatçılar qədim yunan müəlliflərinə istinad edərək, Ermənistanın qədim dövrlərdən bəri Qafqazda mövcud olduğunu tələm-tələsik sübut etməyə başlayıblar. Onlar xüsusilə, J.Şardenin öz əsərində qədim coğrafiyaşünas Klavdius Ptolemeyin Ermənistan haqqında dediyi sözlərə istinad edirlər.

F. Ekozyants istehza ilə ilk mənbəyə çıxan və Şardenə istinadla İrəvanın Ermənistanın paytaxtı olmasını "təsdiqləyən” erməni "həqiqətpərəstləri”nə qarşı çıxır. "Əslində mətndə belə bir cümlə var: "La capitale d`Armenie". Ancaq bu, sadəcə kontekstdən çıxarılıb...

Şarden yazır: "Il y a des auteurs qui disent, qu`Irivan est la ville que Ptolomée appelle Ter`va et qu`il fait la capitale d`Armenie".
"İrivanın - Ptolemeyin Ter'va adlandırdığı və Ermənistanın paytaxtı etdiyi (!) bir şəhər olduğunu iddia edən müəlliflər var". Bu, hərfi tərcümədir. Bu, həqiqətən də belədir. Məlumdur ki, Ter`vanın Ermənistanın paytaxtı olduğu barədə məlumatı məhz Ptolemey deyib, yəni o zaman tanınmış tarixçi olan Ptolemeyin qələmindən ortaya çıxıb və o, Ter`va adlanan şəhəri Ermənistanın paytaxtı EDİB (təyin edib).

Bir az aşağıda isə Şarden İrivan adının "görmək" erməni kökündən gələ bilməyəcəyini söyləyir, çünki Şardenə görə, erməni dili onun dövründə yenicə yaranmışdı, yəni bu dil çox da qədim olmayan zamanlarda ortaya çıxıb".

F. Ekozyants, xüsusilə J. Şardenin kitabının ilk nəşrində "İrəvan Ermənistanın paytaxtıdır" adlı bir mənanın çıxmadığını və bu sözlərə uzun illər sonra ortaya çıxan sonrakı nəşrlərdə yer verildiyini qeyd edir. Göründüyü kimi, bütün "qədim erməni" tarixinin üzərində qurulduğu ilkin mənbələrin saxtalaşdırılmasına və təhrif olunmasına şahid oluruq.

"Erməni qardaşlar, səhifələrimə girin, YouTube kanalıma abunə olun. Məndə yalan, təbliğat və təşviqat tapmayacaqsınız. Mən sizə düşünmək üçün qida verəcəyəm", - F. Ekozyants sonda bildirib. 

Qeyd edək ki, oxuduğunuz mətni Filip Ekzoyants öz Feysbuk hesabında paylaşıb və bunu qeyd edib:

"Bir neçə il əvvəl çəkdiyim videolardan birinin mətn versiyasını hazırlamaq üçün vaxt və əmək sərf edən ağdamlı istifadəçi Al Mamedova təşəkkür edirəm”.


Вернуться назад