Главная > Siyasət > Məleykə Abbaszadə Ombudsmana cavab verdi
Məleykə Abbaszadə Ombudsmana cavab verdi8-09-2020, 17:04. Разместил: azadses |
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə göndərdiyi məktuba cavab verilib. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ombudsmana cavab məktubu hazırlanıb və bu gün səhər göndərilib: “Müsabiqə şərtləri DİM tərəfindən müəyyənləşdirilmir, Təhsil Nazirliyi ilə birgə müzakirə edilir. Hüquqi cəhətdən DİM-in fəaliyyəti barədə normativ sənədlər Nazirlər Kabineti tərəfindən qəbul edilir və bunu dəyişmək mümkün deyil. İkinci məsələ isə odur ki, pandemiya ilə əlaqədar yaranan problemləri bütün dünya yaşayıb. Hələ mart ayında təklifimizi hökumətə çatdırmışıq, bunun nəticəsində bir sıra imtahanlarda müəyyən dəyişikliklər olub. Bunlar birinci mərhələnin imtahanında 50 faiz açıq sualların ənənəvi qapalı suallarla əvəzlənməsidir. Bu, elmi-nöqteyi nəzərdən olan təklif idi”. Qeyd edək ki, Ombudsman Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında ötən gün Dövlət İmtahan Mərkəzinə məktub ünvanlayıb. Müraciətdə koronovirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub. Abituriyentlərin müraciəti nəzərə alınaraq, müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edilib. Вернуться назад |