Главная > Siyasət > Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır


17-05-2024, 14:54. Разместил: azadses
Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır.

“Report” Albaniya Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkə parlamentinə “Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən söyləyib.

“Albaniya çoxdan paylaşdığımız strategiya əsasında ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır”, – siyasətçi deyib.

O vurğulayıb ki, Albaniya ilə Azərbaycan arasında “energetika sahəsində əməkdaşlıq körpüsü qurulub”:

“Çünki Albaniya Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bir parçasıdır. Azərbaycandan başlayır və Albaniyadan keçərək təbii qazı bütün Avropaya paylayır”.

Baş nazirin müavininin sözlərinə görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) “uğurla həyata keçirilməsi şəhərlərimizin qazlaşdırılması layihələri daxil olmaqla əməkdaşlıq üçün yeni imkanlar açıb”.

Ballukunun fikrincə, yeni razılaşma Azərbaycanla turizm, kənd təsərrüfatı, investisiya, habelə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq miqyasını genişləndirir:

“Hər iki ölkə ticarət və investisiya sahəsində əməkdaşlığı stimullaşdırmaq və inkişaf etdirmək, o cümlədən müvafiq nazirlik və idarələrimiz, ticarət və sənaye palatalarımız arasında əlaqələri və mübadilələri, birgə biznes forumların, missiyaların və ikitərəfli görüşlərin təşkilini təşviq etmək istəyirlər”.

O həmçinin ölkələr arasında turist axınının artırılmasının tərəfdarı olduğunu qeyd edib.

“Bu səbəbdən Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə yaxın aylarda Bakı ilə Tirana arasında birbaşa reysin yaradılması məsələsini ətraflı müzakirə etdik”.

Xatırladaq ki, mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.


Вернуться назад