Главная > Siyasət > Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənməkdədir - RƏY

Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənməkdədir - RƏY


20-02-2024, 10:30. Разместил: azadses
Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənməkdədir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfəri zamanı aparılan müzakirələrdə ikitərəfli əlaqələrin bütün istiqamətlərinin nəzərdən keçirildiyini bildirən deputat qeyd edib ki, dövlət başçıları bir daha regional və beynəlxalq məsələləri dəyərləndiriblər:

“Ankaradan növbəti dəfə qardaşlıq mesajları verilib. Türkiyə seçkilərdən öncə AŞPA-dan Azərbaycana qarşı haqsız iddialara etiraz edərək, nümayəndə heyətimizə qarşı qəbul olunan qərəzli qərar ləğv edilənə qədər Azərbaycana dəstəyi və bu istiqamətdəki səylərin davam etdirəcəyini bəyan edib”.

Onun sözlərinə görə, Bakı və Ankara eyni zamanda regionda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik” fikri Fransa başda olmaqla regionda xaos yaratmaq istəyən destruktiv qüvvələrə ciddi mesaj idi”.

Milli Məclisin üzvü nəzərə çatdırıb ki, liderlər hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan və bundan sonra atılacaq addımları da nəzərdən keçiriblər: “Bakı və Ankara Şuşa Bəyannaməsində ortaya qoyulan iradə ilə işbirliyini davam etdirir. Müdafiə sənayesi sahəsində birgə istehsalla əlaqədar konkret planlar icra olunmaqdadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda Türkiyə ordu modeli tam oturuşub və 5 ay əvvəl - 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı bunu bir daha təsdiqlədi. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırıb. Yalnız bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənir. Liderlərin birgə verdiyi bəyanatdan aydın oldu ki, əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatındakı birliyin daha da güclənməsinə nail olmaqdır. Bu ilin iyulunda təşkilatın Şuşada keçiriləcək toplantısında gələcək perspektivlər bir daha müzakirə olunacaq. Görünən budur ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirməkdədir”.

K.Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, bizim ailəmiz Türk dünyasıdır: “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”. Bu mənada böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərini gücləndirmək əsas prioritetdir. Məqsəd Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirməkdir. Azərbaycan və Türkiyə bu prosesə xüsusi töhfə verir”.


Вернуться назад