Главная > Siyasət > “Ermənistan və Fransanın çirkin planları fiaskoya uğrayacaq, yalanları ifşa ediləcək" - RƏY

“Ermənistan və Fransanın çirkin planları fiaskoya uğrayacaq, yalanları ifşa ediləcək" - RƏY


12-10-2023, 20:15. Разместил: azadses
“Ermənistan və Fransanın çirkin planları fiaskoya uğrayacaq, yalanları ifşa ediləcək və riyakar sifətləri üzə çıxacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişələrin güc yolu ilə həll olunmasının heç vaxt tərəfdarı olmayıb: “Ona görə də suveren ərazilərimiz 30 il Ermənistanın işğalı altında qalıb. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, eyni zamanda ATƏT-in keçmiş Minsk qrupunun beynəlxalq hüququ hər şeydən üstün tutaraq bunun üçün Ermənistanı məcbur etməsini istəyib. Amma keçmiş Minsk qrupunun həmsədrləri nəinki beynəlxalq hüququn tələblərini icra etdirməyib, əksinə, torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışıb. Azərbaycan da üç il əvvəl 44 günlük müharibə ilə döyüş meydanında pozulmuş beynəlxalq hüququn tələblərini bərpa etdirdi”.

Deputat xatırladıb ki, Vətən müharibəsində Azərbaycan Ordusu mülki insanlarla, infrastrukturla heç bir işi olmayıb: “Ancaq legitim hərbi hədəfləri məhv etməklə müharibədə qələbəyə imza atdı. Ermənistan isə 30 il ərzində ərazilərimizdə həyata keçirilən vandalizm və dağıdıcı siyasəti azmış kimi, II Qarabağ müharibəsi zamanı da müharibə meydanından yüz kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrimizi qadağan olunmuş silahlarla atəşə məruz qoyaraq dinc insanları öldürüb və yaşayış məntəqələrini dağıdıb. Təbii ki, bu, beynəlxalq konvensiyaların ciddi şəkildə pozulması və hərbi cinayət idi. Lakin beynəlxalq ictimaiyyət Ermənistanın bu hərbi cinayətlərinə yenə səssiz qaldı”.

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan Ordusu sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da heç bir mülki obyekti hədəf seçməyib və dinc insanlara qarşı heç bir güc işlətməyib: “Əksinə, Qarabağda yaşayan erməniəsilli sakinlərə heç bir təhlükə olmadığını, onların bütün hüquqlarının qanunlarımızla qorunacağı və ərazilərimizin tərk edilməsinə ehtiyac olmadığını bildirdi. O cümlədən Ermənistana getmək istəyən şəxslərin yaşamaq yeri seçiminə hörmətlə yanaşılaraq humanitar dəhliz açılıb. Azərbaycan dövləti sentyabrın 19-dək də Xankəndiyə humanitar yardımların göndərilməsini və bütün ehtiyacların dövlətimiz hesabına ödənilməsini təklif etmişdi. Amma separatçılar Azərbaycandan heç bir yardım almayacaqlarını bildirərək vəziyyəti süni şəkildə gərginləşdirib. İndi isə Ermənistan və Fransa ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsini etnik təmizləmə donu geyindirməyə çalışır”.

“Azərbaycan dövləti açıq siyasət yürüdür və bütün məqsədlərini dünya ictimaiyyətinə açıq şəkildə bildirir. O cümlədən Qarabağdakı vəziyyətlə yerində tanış olmaq üçün BMT missiyaları dəvət olunaraq reallığa uyğun rəylərin hazırlanmasına şərait yaradır. BMT missiyaları Qarabağda heç bir soyqırımının baş vermədiyini, burada yaşamağa davam edən erməniəsilli sakinlərin həyatına heç bir təhlükə olmadığını və onların bütün ehtiyaclarını Azərbaycan dövləti tərəfindən lazımi şəkildə ödənildiyini öz gözləri ilə görürlər. O cümlədən Xankəndidə yaradılmış sığınacaqda ehtiyacı olan erməniəsilli sakinlərə isti qida verildiyini və yaşayış yeri ilə təmin edildiklərinin şahidi olurlar. Xankəndidə etnik təmizləmə keçirilmiş olsaydı, heç olmasa orada bunun xırda izləri qalardı”, - A.Badamov qeyd edib.

Deputat vurğulayıb ki, bu gün Qarabağda baş verən hadisələri detallıqla yoxlayan BMT missiyası etnik təmizləmə ilə bağlı şübhə yaradacaq heç bir məqamı belə müşahidə etməyib: “Ermənistan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı və etnik təmizləmələr törətməsinə baxmayaraq, bu gün öz əməllərini utanmadan arxa plana çəkərək, əksinə, etmədiklərimizə görə bizi günahlandırmağa və beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmağa çalışır. Hesab edirəm ki, bu dəfə də Ermənistanın və Fransanın çirkin planları fiaskoya uğrayacaq, yalanları ifşa olunacaq, riyakar sifətləri üzə çıxacaq”.


Вернуться назад