Главная > Siyasət > Baş katib: BMT TŞ və Bretton-Vuds sistemi kimi bir çox beynəlxalq qurumlar köhnəlib

Baş katib: BMT TŞ və Bretton-Vuds sistemi kimi bir çox beynəlxalq qurumlar köhnəlib


20-09-2023, 09:37. Разместил: azadses
BMT-nin Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurası da daxil olmaqla çoxtərəfli qurumları, eləcə də beynəlxalq maliyyə sistemini islahat etməyə çağırıb, əks halda dünya ictimaiyyətinin “parçalanma” ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında çıxış edən Antoniu Quterreş BMT Təhlükəsizlik Şurası və Bretton-Vuds sistemi kimi bir çox beynəlxalq qurumların köhnəldiyini, onların müstəmləkəçi dünyanın reallıqlarını əks etdirdiyini vurğulayıb.

“Dünya dəyişib. Bizim qurumlarımız bunu etməyib”, - BMT-nin baş katibi deyib.

Onun sözlərinə görə, çoxtərəfli qurumlarda islahatlar aparılmasa, beynəlxalq birlik “parçalanma” ilə üzləşəcək. Qlobal problemləri effektiv həll edə bilməyəcək və dünya səhnəsində – Qərblə Şərq, Cənubla Şimal arasında – fikir ayrılıqları daha da dərinləşəcək.

“21-ci əsrin iqtisadi və siyasi reallıqlarına əsaslanan, bərabərlik, həmrəylik və universallıq prinsiplərinə söykənən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə rəhbər tutan çoxtərəfli qurumları yeniləməyin vaxtı çatıb”, - Quterreş bildirib.

BMT rəhbəri qeyd edib ki, soyuq müharibə dönəmində beynəlxalq münasibətlərə əsasən iki fövqəldövlət prizmasından baxılıb. Sonra, onun sözlərinə görə, qısa birqütblülük dövrü gəlib və “indi biz sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik”.

“Bu, bir çox cəhətdən müsbətdir. Bu, beynəlxalq münasibətlərdə ədalət və tarazlıq üçün yeni imkanlar açır. Lakin çoxqütblülük özü sülhə zəmanət verə bilməz”, - Quterreş vurğulayıb.

“Çoxqütblü dünyanın güclü və effektiv çoxtərəfli qurumlara ehtiyacı var”, - Baş katib izah edib.

Quterreş beynəlxalq ictimaiyyətə gələcək üçün ən bilavasitə təhlükə – qlobal istiləşmə ilə mübarizə aparmağın vacibliyini xatırladıb:

“İqlim dəyişikliyi sadəcə havanın dəyişməsi deyil. İqlim dəyişikliyi planetimizdəki həyatı dəyişir. Bu bizim işimizin hər aspektinə təsir edir. O, insanları öldürür və icmaları məhv edir”.

O xatırladıb ki, bəşəriyyət indicə tarixin ən isti aylarını və ən isti yayını yaşayıb. Bu, BMT başçısının fikrincə, yalnız başlanğıcdır.

Təşkilat rəhbərinin sözlərinə görə, temperatur artımını Paris iqlim sazişində göstərilən 1,5 dərəcə həddə saxlamaq üçün hələ vaxt var, ancaq indi bunun üçün qətiyyətli addımlar atılmalıdır.

Quterreş istixana qazı tullantılarını azaltmaq və iqlim böhranına ən az səbəb olan, lakin onun nəticələrindən ən çox əziyyət çəkən ən az inkişaf etmiş ölkələr üçün iqlim ədalətini təmin etmək çağırışını təkrarlayıb.


Вернуться назад