Главная > Siyasət > Politoloq: "Hindistan Azərbaycanın geosiyasi əhəmiyyətini layiqincə qiymətləndirmir, Ermənistanı isə həddən artıq şişirdir”

Politoloq: "Hindistan Azərbaycanın geosiyasi əhəmiyyətini layiqincə qiymətləndirmir, Ermənistanı isə həddən artıq şişirdir”


31-07-2023, 20:11. Разместил: azadses
“Hindistanın Ermənistana silah tədarükü sübut edir ki, o, adi kommersiya gəlirləri ilə yanaşı, İrəvanın geosiyasi əhəmiyyətini həddən artıq şişirdir, eyni zamanda, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini layiqincə qiymətləndirmir”.

Bunu “Report”a açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

“Bir tərəfdən, Hindistanın beynəlxalq münasibətlərdə qanunun aliliyinə diqqət yetirməsini, digər tərəfdən isə qlobal problemləri dərindən dərk etməsini nəzərə alsaq, onun Ermənistanı silahlandırmağı davam etdirməsinin arxasında maliyyə vəsaiti qazanmaq istəyi ilə yanaşı, digər amillərin olduğunu da söyləyə bilərik”, - o vurğulayıb.

D.Krneviçin fikrincə, bu, strateji məzmunun nəzərə alınmasının tələb olunduğu kifayət qədər mürəkkəb və dolaşıq məsələdir: “Bir tərəfdən, Azərbaycan onun beş ən böyük ticarət tərəfdaşından biri olan Hindistanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Hazırda iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün planlar hazırlanır. Digər tərəfdən, Hindistanın Azərbaycanın qardaş ölkə hesab etdiyi Pakistanla mürəkkəb münasibətləri var. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Üstəlik, Ermənistanın müstəqilliyini tanımayan Pakistan İkinci Qarabağ müharibəsi zamanı və daha əvvəl Azərbaycana fəal dəstək göstərib. Kəşmir məsələsində də Azərbaycanın da oxşar mövqeyi var”.

Onun sözlərinə görə, amma vəziyyətə yalnız Hindistanın Pakistanla mübahisəsi prizmasından baxmaq çox primitiv olardı: “Əslində, bu, digər məsələlərlə yanaşı, Hindistanın uzunmüddətli milli maraqlarına cavab vermir”.

Politoloq xatırladıb ki, Ermənistanla Hindistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq azı 2011-ci ildən, hərbi-texniki əməkdaşlıq isə 2017-cı ildən başlayır: “Ermənistanın son bir neçə ildə Hindistandan artilleriya, pilotsuz uçan aparatlar, tank əleyhinə silahlar, raketlər və döyüş sursatları daxil olmaqla, müxtəlif silahlar da aldığına dair təsdiqlənməmiş məlumatlar var. Hindistan istehsalı olan silahların İranın Bəndər-Abbas limanından keçərək qurudan Nurduz sərhəd-keçid məntəqəsinə aparıldığına dair son məlumatları məhz bu kontekstdən nəzərə almaq lazımdır”.

Onun fikrincə, bütün bunlar Bakının İrəvanın revanşizm ideyalarını dəstəkləməsi və sonda sülh sazişi imzalamaq istəməyəcəyi ilə bağlı şübhələrini gücləndirir: “Bundan başqa, Ermənistan hazırda Rusiyadan başqa həm Hindistanı, həm də İranı təhlükəsizlik qarantı kimi nəzərdən keçirir. Bütün bunlar birmənalı olaraq Ermənistanın remilitarizasiyası və müəyyən mənada Azərbaycanı “mühasirəyə almaq”la bağlı cəhdlərinə yardım göstərir. Bu da eskalasiya aktı kimi qəbul edilə bilər. Aydındır ki, bu, regionda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olmasına şərait yaratmır”.

D.Krneviç hesab edir ki, Hindistanın Ermənistanın hərbi sahədə gücləndirmək lehinə seçimi çətin ki, sülhü təşviq etməyə çalışan Brüssel və Vaşinqton tərəfindən Bakı ilə İrəvan arasında sülh prosesi üçün faydalı addım kimi qəbul edilsin.


Вернуться назад