Главная > Siyasət > Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ

Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ


10-08-2020, 11:57. Разместил: azadses
Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlərə yol verən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Qeyd edilən fakta görə 22 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
24 iyul 2020-ci il tarixdə Eyyub Gülməmmədova həmin Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə yekun ittiham elan olunmuş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Вернуться назад