Главная > Siyasət > Sərhəddəki toqquşma: Qərb-Rusiya qarşıdurması, Azərbaycanın başqa “qala”ları fəth etmək ehtimalı - TƏHLİL
Sərhəddəki toqquşma: Qərb-Rusiya qarşıdurması, Azərbaycanın başqa “qala”ları fəth etmək ehtimalı - TƏHLİL12-04-2023, 13:48. Разместил: azadses |
Azərbaycan-Ermənistan şərti sərhədinin Gorusdan Laçın rayonuna açılan panoramında baş verən silahlı toqquşma regiondakı geostrateji maraqların “çiçəklənməsi”nin göstəricisidir. Hərçənd ki, budəfəki toqquşma sırf hərbi situasiyadakı qəfil dəyişiklik cəhdi ilə əlaqəli idi. Yəni Ermənistan Azərbaycan Ordusunun Laçın rayonunda təzəlikcə nəzarəti bərpa etdiyi yüksəklikləri ələ keçirmək üçün istehkamlar qururdu. Azərbaycan hərbçiləri isə buna cavab olaraq xəbərdarlıq edəndə tərəflər arasında insident yaşanır və sonradan bu, silahlı toqquşma ilə müşayiət edilir. Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrinin istehkam yaratmaq cəhdlərini sakitcə qarşılaya bilməzdi, çünki son zamanlar İrəvanın qeyri-müəyyən mövqeyinin hərbi ritorikaya gətirəcək addımlarla müşayiət edilməsi gələcək təxribatların açarı kimi qavranılır. Ona görə də Azərbaycan sərhəd təhlükəsizliyindəki “məftil”ləri bərkitməli və yeni yüksəkliklərə nəzarət üzrə əldə edilən nəticələri əlində saxlamalıdır. Bu, məsələnin hərbi-texniki tərəflərindən doğan prosedurlardır, lakin daha geniş miqyasda sərhəddəki atışmalar strateji baxışlar kontekstindəki perspektivləri açır. Öncəliklə qeyd etmək zəruridir ki, Azərbaycanın Ermənistanla sərhəd boyu delimitasiya işləri üçün irəli sürdüyü tələblər İrəvan tərəfindən xoş qarşılanmır, çünki Bakının xəritələrinin strateji miqyasları konseptual olaraq geniş qoyulub. İkincisi, Avropa İttifaqının Ermənistandan Azərbaycana boylanan monitorinq qrupu regionda vəziyyəti qəlizləşdirir - ən azından, üç səbəbdən: - Aİ missiyası Azərbaycanın razılığı olmadan Ermənistanda peyda oldu. Buna İran da dəstək verir; - Rusiya ABŞ və Böyük Britaniyanın regionda böyüyən maraqlarından dolayı Aİ missiyasını öz hərbi mövcudiyyəti üçün təhlükə sayır; - Fransa Aİ missiyasını ABŞ və Britaniyanın maraqlarına qarşı yönəltməyə çalışdığından Rusiya ilə əməkdaşlıq formatına can atır, son məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin rəngini qara saxlamaqdır. Həm eyniyyət, həm də təzadlı görünən bucaqlar – bu, regionun mənzərəsini bulanıqlaşdırır. İran isə Azərbaycana qarşı hətta öz rəqibləri ilə əməkdaşlığa getməyə hazırdır ki, bu da bölgədəki təhlükəsizlik sferasını zədələyir. Böyük strateji hədəflər üçün edilən regional məşqlər Azərbaycan-Ermənistan gündəliyini nəzarətdə saxlamaq, sülhyaratma(ma) prosesini monopoliya ilə “qeydiyyatdan keçirmək” cəhdlərini alovlandırır. Maraqların təmini üçün atılan addımlarda, əsasən, iki “qala” seçilib: biri “Moskva qalası”, digəri isə “Brüssel qalası”. İstər Rusiya, istərsə də Aİ ilə danışıqlar aparmaq və Ermənistanla sülh proqramının uzlaşdırılaraq hazırlanması Azərbaycan üçün problem deyil. Ancaq tərəflərdən biri balansı pozanda, yəni münasibətlərin nizamlanmasında üst səviyyəyə qalxmaq istəyəndə təxribat kartları oynanılır. Azərbaycan üçüncü qüvvələr tərəfindən oynanılan oyunların hansını öz yararına çevirir – bunun nəticələrini Brüssel və Moskva mərkəzli görüşlərin yekunlarında görmək mümkündür. Hər halda, Azərbaycan qızışmış hərisliyi müşahidə etdikdə hərbi tədbirləri çarə kimi görür ki, növbəti danışıqlar raundunda şərtlərinin davamını diktə edə bilsin. Buna görə də Azərbaycanın yüksəkliklərlə paralel olaraq başqa bir neçə “qala”nı da fəth etməsi gözləniləndir. Bu, hərbi-siyasi təhlükəsizlikdən doğan və regionda perspektiv üçün təhdid yaradan narahatlıqlarla əlaqəlidir ki, mümkün təxribat kanalları qapadılsın. Rəsmi Bakı təxribata rəvac verəcək ideyaları bloklamaq üçün ABŞ ilə də müzakirələri intensivləşdirir, sözsüz ki, bu, Rusiyanın sinirlərini qıcıqlandırır. Buna görə də Rusiya 10 Noyabr Bəyanatının özünə sərf edən formada qüvvədə qalmasına və onun tənzimləyici mexanizm kimi baza rolunun qalıcılığını təmin etməyə, Soçidə əldə edilən razılıqları özünün üstün mövqeyi kimi təqdim etməyə çalışır. Azərbaycan hesablayır – hansı tərəflə əməkdaşlıq daha çox fayda verəcək? Ümumi görünən budur ki, Azərbaycan Rusiyanın regionda təsirlərini azaltmaqdan ötrü müxtəlif manevrlər edir, lakin bunun müqabilində də Qərbdən müsbət siqnallar gözləyir. Qərbdən Ermənistanın maraqlarını ifadə edən impulslar gələndə isə Azərbaycan Rusiya-Ermənistan münasibətlərindəki gərilən iplərdən istifadə edərək Moskvanı prosesdə İrəvana qarşı kart kimi dəyərləndirir. Avropa İttifaqı isə nisbətdə üstün diplomatik-siyasi platforma kimi qalmaqdadır, hərçənd ki, Aİ missiyası Ermənistanda Azərbaycana qarşı missiya ilə məşğuldur. PROQNOZLAR: Sərhəddə aprelin 11-də baş verən silahlı toqquşma son deyil və mümkün ehtimal kimi, bunun davamının gələcəyini söyləyə bilərik. İran Ermənistanı dəstəkləməyə davam edəcək, Aİ və Rusiya isə hərəsi öz məntiqlərinə əsaslanaraq ikibaşlı mövqelərini nümayiş etdirəcəklər. Ermənistan İrandan, Avropa İttifaqının missiyasından aldığı enerjini boşaltmaq üçün sərhəddə başqa təxribatların müəllifinə çevrilə və bu zaman Azərbaycanın cavab həmlələri daha sərt ola bilər. Aqşin Kərimov Вернуться назад |