Главная > Siyasət > Politoloq: “İran heç vaxt Ermənistanı dəstəkləməyəcək” - MÜSAHİBƏ
Politoloq: “İran heç vaxt Ermənistanı dəstəkləməyəcək” - MÜSAHİBƏ3-08-2020, 14:20. Разместил: azadses |
Cənubi Qafqazdakı vəziyyətin inkişaf yolu, o cümlədən Dağlıq Qarabağ tənzimlənməsi ətrafında hadisələr Yerevanda getdikcə artan narahatlığa səbəb olur. Ermənistanda başa düşürlər ki, baş nazir Nikol Paşinyanın siyasəti sayəsində ölkənin artıq müttəfiqləri yoxdur. Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyən müxtəlif bəyanatlar verilir, hansı ki, Türkiyədə, elə Yunanıstanın özündə də diqqətə alınmır - NATO ölkələri öz məsələlərini Ermənistansız da həll edəcəklər. Ermənistan mediasında Azərbaycan və Türkiyə üçün müəyyən “ərəb yumruğu” haqqında məqalələr oldu. İndi də əsas diqqət İrana yönəlib. Erməni siyasi müşahidəçi Akop Badalyan İranın ballistik raketlərinin son sınaqlarını gözlənilmədən Azərbaycan və Türkiyənin birgə təlimləri ilə əlaqələndirdi. İranın tam əks istiqamətdə - Fars körfəzi bölgəsi və Hörmüz boğazında manevrlər etməsi isə onu narahat etmədi. Üstəlik, Akop Badalyan düşmənləri sırasına təkcə Türkiyəni deyil, Rusiyanı da daxil edib. Bu ölkə, onun fikrincə, İranı regiondan sıxışdırmaq istəyir. Eyni zamanda, “Moskva və Ankara artıq qarşıdurma rejimindədir”. Bu, necə mümkündür? Bəzi mütəxəssislərin qənaətləri heç də həmişə məntiqə uyğun gəlmir. Media.Az Rusiya Dövlət İdarəetmə Universitetinin politoloqu və elmi əməkdaşı Fərhad İbrahimovdan yaranmış vəziyyətlə bağlı şərh verməsini istəyib. - Ermənistan “təcili” müttəfiq axtarır, bu İran ola bilərmi? - Bu, heç vaxt olmayacaq. Mən bilmirəm, nə baş verməlidir ki, İran Ermənistana tərəf çıxsın. Tehran dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Mən Ayətullah Əli Xameneyinin 2010-cu ildə verdiyi fətvasını xatırlatmaq istərdim. Orada açıq şəkildə bildirilir ki, Qarabağ müsəlmanların torpağıdır və onun üçün qan tökən hər kəs şəhiddir. Bəlkə də, hüquqi baxımdan bu fətva heç bir şeyə təsir etmir, ancaq İran ruhaniləri və ümumiyyətlə, şiələr üçün bu çox vacibdir. İran İslam Respublikasında 30 milyona yaxın etnik azərbaycanlının yaşadığını unutmamalıyıq. İran Ermənistanı dəstəkləyərsə, ölkə daxilində etirazlar başlayacaq. Tehrana bu lazım deyil. Bundan əlavə, farslar da Ermənistanın İrandan dəstəyini başa düşməzlər. Rəsmi Tehran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. - İranda olmusunuz, insanlarla ünsiyyət qurmusunuz. Doğrudanmı, Azərbaycana dəstək bu qədər nəzərə çarpır? Kənardan bəzən hər şeyin belə olmadığı görünür... - Həm sadə vətəndaşlarla, həm də ekspert cəmiyyətinin nümayəndələri ilə ünsiyyətdə olmuşam. Azərbaycana dəstək birmənalıdır. Ermənistanın ələ keçirdiyi ərazilər işğal kimi tanınır. İran vəziyyəti mükəmməl başa düşür və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq danışıqların dalana dirəndiyi barədə də anlayışlar var, buna görə, İran hərbi üsulu da istisna etmir, axı Azərbaycan torpaqlarını azad etmək hüququna sahibdir. İran beynəlxalq hüquqa, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə istinad edir. Yeri gəlmişkən, İranda vasitəçi kimi fəaliyyət göstərmək üçün böyük bir istək var. Belə bir cəhdi (etiraf edək ki, uğursuz olan) biz 1992-ci ildə gördük. O zaman Tehranın vasitəçilik səyləri iflasa uğradı. Ancaq o vaxtdan çox şey dəyişib. Bununla belə, mən düşünmürəm ki, Azərbaycan indi İranın vasitəçi roluna razı olacaq. - Ermənistan Rusiya və Türkiyəni İranın rəqibi kimi təqdim etməyə çalışır... - Moskva əmindir ki, Türkiyə Azərbaycanın maraqlarını təmsil və müdafiə edə bilər. İran belə birmənalı mövqe verə bilməz. Ancaq Tehranla, təbii ki, müxtəlif kanallar vasitəsilə Cənubi Qafqazdakı vəziyyətlə bağlı müəyyən danışıqlar aparıla bilər. Əlbəttə, İran öz sərhədlərində baş verənlərlə maraqlanır. Rusiya və Türkiyə çətin ki, İran İslam Respublikasının rəyini qulaqardına vursun. Düşünürəm ki, Moskva və Ankara Tehrana lazımi məlumatları çatdırırlar. Вернуться назад |