Главная > Siyasət / Manset > “Bəzi dövlətlər ikili standartlar siyasətindən imtina etməlidir” - RƏY + FOTO

“Bəzi dövlətlər ikili standartlar siyasətindən imtina etməlidir” - RƏY + FOTO


2-11-2022, 19:41. Разместил: admin
“Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Əlcəzair xalqına qarşı Fransanın törətdiyi soyqırımı haqqında söylədiyi fikirlər beynəlxalq hüququn, ədalətin hər bir xalq üçün son dərəcə vacib dəyərlər olduğuna dair dünyaya verilən önəmli mesajdır. Bu mesajlar həm də onu ifadə edir ki, iqtisadi və hərbi imkanlarından, beynəlxalq münasibətlər sistemində yerindən asılı olmayaraq, bəzi dövlətlər ikili standartlar siyasətindən imtina etməlidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat xatırladıb ki, təkcə 1945-ci ildə Əlcəzairin Setif şəhərində törədilən qırğın zamanı 45 mindən çox əlcəzairli qətlə yetirilib:

“Ümumilikdə isə Fransanın işğalçılıq siyasəti 1,5 milyon əlcəzairlinin məhv edilməsi ilə nəticələnib. Öz tarixində bu cür qara ləkə olan bir ölkənin indi dünyada sülh və ədalət carçısı kimi çıxış etməsi məntiqsiz və qeyri-səmimi təsir bağışlayır. Həm də ona görə ki, Fransa indiyə qədər törətdiyi qətliamları etiraf etmək istəməyib. Fransanın dövlət rəsmilərinin Azərbaycana qarşı irəli sürdüyü ittihamları və bu ölkənin qanunverici orqanında qəbul olunmuş qətnamələri məhz bu kontekstdə qiymətləndirmək lazımdır. İkili standartlar Fransanın xarici siyasətinin əsas məntiqinə çevrilib”.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda regional təhlükəsizliyin yeni konfiqurasiyası yaranıb. Deputat vurğulayıb ki, bu konfiqurasiyada Fransanın yeri görünmür.

“Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında dövlətimizin və xalqımızın mövqeyini bir daha aydın və konkret şəkildə ifadə edib. Dövlət başçısı vurğulayıb ki, bizim ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edib. İndi bu ərazilərdə böyük quruculuq işləri aparılır. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün çox vacib təşəbbüslərlə çıxış edir”, - Milli Məclisin üzvü vurğulayıb.



R.Məmmədov bildirib ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına beynəlxalq birliyin sərt və qətiyyətli reaksiya verməməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenilənməsinə ehtiyac olduğunu bir daha sübut edir: “Prezident İlham Əliyev bu məsələni daha bir mötəbər tribunadan növbəti dəfə gündəmə gətirməklə, ikili standartların dünyada sülh və təhlükəsizliyə nə qədər ciddi bir təhdid olduğuna diqqəti çəkib. Artıq beynəlxalq münasibətlərdə təhlükəsizlik alətlərinin əhəmiyyətli dərəcədə yenilənməsinə ciddi ehtiyac yaranıb”.
Вернуться назад