Главная > Siyasət / Manset > Respublikaçılar qalib gələrsə, Türkiyə və Azərbaycana münasibətdə dəyişikliklər mümkündür - ABŞ-dən ŞƏRH

Respublikaçılar qalib gələrsə, Türkiyə və Azərbaycana münasibətdə dəyişikliklər mümkündür - ABŞ-dən ŞƏRH


28-10-2022, 12:25. Разместил: admin
“Ən güclü erməni diasporu Kaliforniyadadır”.

Bu sözləri amerikalı siyasi icmalçı Con Varoli ABŞ-dəki daxili siyasi vəziyyəti və ölkənin xarici siyasətini Oxu.Az-a şərh edərkən deyib.

O qeyd edib ki, başqa ştatlarda da çoxlu erməni var, lakin onların fəallığı nisbətən zəifdir:

“Kaliforniya ABŞ-nin ən güclü ştatıdır və Demokratlar Partiyasının qalasıdır. Güman edirəm ki, orada ermənilərin federal qurumlara təsir edə biləcək qədər böyük çəkisi var”.

Varoli aralıq seçkilərdə, sonra isə prezident seçkilərində respublikaçıların qalib gələcəyi halda bunun ABŞ-nin xarici siyasətinə təsirindən də bəhs edib:

“Rusiya ilə bağlı hansısa xüsusi dəyişiklik olmayacaq. Xarici siyasətimizi bir qrup insan, oliqarxlar, ABŞ Xarici Əlaqələr Şurası (QHT) formalaşdırır. Xarici siyasətlə məşğul olan bütün əsas adamlar bu struktura daxildir, kimin prezident olmasından asılı olmayaraq, onlar yerlərində qalırlar. Bundan sonra hərbi-sənaye kompleksi, xüsusi xidmət orqanları və s. gəlir. Aydındır ki, partiyalar da müəyyən təsir göstərə bilərlər. Amma qlobal miqyasda ölkənin siyasətini dəyişmək çox çətindir. Odur ki, yenə deyirəm, respublikaçılar qalib gələrsə, Rusiyaya münasibətdə köklü dəyişikliklər olmayacaq.

Amma Türkiyə və Azərbaycana münasibətdə dəyişikliklər tamamilə mümkündür. Respublikaçılar ənənəvi olaraq Türkiyə ilə, ölkələrinizin müttəfiq olduqlarını nəzərə alaraq Azərbaycanla da həmişə yaxşı münasibətlər saxlayıblar”.

O, həmçinin ABŞ-nin daxili siyasətində baş verəcək dəyişikliklər barədə də danışıb:

“Enerji məsələsi öndə gələcək, respublikaçıların dövründə vəziyyət yaxşılığa doğru dəyişməli olacaq. Yeni enerji növlərinə daha az diqqət yetiriləcək.

Sosial siyasət daha mühafizəkar olacaq. Gender və “yaşıl” radikalizmin azaldılmasına yönəlmiş əks proses başlayacaq. Ən əsası isə respublikaçılar hesab edirlər ki, hər bir ştatın öz məsələlərini həll etmək hüququ var. Bu, onların əsas platformasıdır və bu, əsl ABŞ yanaşmasıdır. Demokratlar isə hamını ölkənin demokratik rəhbərliyinin düzgün hesab etdiyi kimi yaşamağa məcbur edir, onlarda totalitar ruh çox inkişaf edib”.
Вернуться назад