Главная > Siyasət / Manset > Ukraynalı deputat: “Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır”
Ukraynalı deputat: “Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır”23-09-2022, 12:15. Разместил: admin |
“Razılaşmaya görə, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən geri çəkməli idi. Razılaşmaya əməl olunmurdusa, Azərbaycanın bildiyi kimi addım atmağa tam haqqı çatırdı”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib. O, son vaxtlar Ukrayna nümayəndələrindən kiminsə Azərbaycanı tənqid etməsinin əsl pərdəarxası ilə bağlı öz versiyasını irəli sürüb: “Onlar məsələdən, Azərbaycanla Ukrayna arasındakı əsl münasibətlərdən, ölkələrin bir-biri üçün oynadığı roldan tam hali deyillər, Ermənistan-Azərbaycan münaqişə və müharibəsinin təbiətini, bu məsələdə Rusiyanın nə dərəcədə rol oynadığını tam başa düşmürlər. Ola bilsin ki, həmkarlarının hansısa ehtimallarına əsaslanırlar və ya kimsə onları manipulyasiya etmək istəyir. Amma yenə də bütün fikirlər ümumi təsəvvürə təsir edir və dəqiqdir ki, Ukrayna ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinə yardım etmir”. Yuriy Kamelçuk vurğulayıb ki, öz istəkləri ilə Ukrayna Silahlı Qüvvələrində xidmət edən bütün Ukrayna azərbaycanlılarına təşəkkür etmək lazımdır: “Ukraynadakı azərbaycanlıların və biznes nümayəndələrinin ukraynalı döyüşçülərin reabilitasiyasına, onların müalicəsinə, protezləşdirilməsinə və s. necə çox kömək etdiyini bilirəm. Bilirəm ki, daimi əsasda böyük həcmdə humanitar yardım axını baş tutur. Özü də bu təkcə Ukrayna daxilində olan biznesmenlərə aid deyil, onlar Avropada və dünyanın digər yerlərində olan dostlarını da bu işə dəvət edirlər və onların hamısı bu yardım axınında pay sahibi olurlar”. Deputat gələcəkdə baş verənləri diqqətlə izləyəcəklərini bildirib: “Çünki elə vəziyyət izləyirik ki, ABŞ və onun nümayəndələri İrəvana gedir. Anlayıram ki, onların məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaqdır. Amma Azərbaycanla münasibətləri də korlamaq lazım deyil deyə düşünürəm. Bu münaqişənin həllinə kömək etmək istəyirlərsə, ölkələr arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çalışsınlar. Axı razılaşmaya görə, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən geri çəkməli idi. Razılaşmaya əməl olunmurdusa, Azərbaycanın bildiyi kimi addım atmağa tam haqqı çatırdı. Bir daha deyirəm ki, ABŞ bu məsələdə Rusiyanın maraqlarına qarşı çıxış edir. Üstəlik, məncə, onlar Türkiyə-Azərbaycan ikilisinin regiondakı təsir dairəsini balanslaşdırmağa çalışırlar”. O vurğulayıb ki, Ukrayna estradasının və ya mədəniyyətinin bir neçə nümayəndəsi, bəzi siyasətçilər yalnız aysberqin görünən yerinə baxırlar: “Təəssüf ki, vəziyyəti dərindən öyrənmədən, hansısa üzdəki maraqlara əsasən nəsə münasibət bildirirlər. Çox ümid edirəm ki, tarixi münasibətlərimizin əsl vəziyyətini öyrəndikdən sonra onlar fikirlərini dəyişəcəklər. Qlobal yanaşsaq, uzunmüddətli tarixdən danışsaq, çox istərdim ki, həm Ukraynada, həm də Azərbaycanda müharibə başa çatsın. Bu birmənalıdır. Bu zaman istifadə olunan üsullar və alətlər artıq tərəflərin özlərindən asılıdır. Bütün dünya Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, ərazilərini məqbul saydığı formada işğaldan azad etməyə haqqının olduğunu deyir, ona görə də Azərbaycanın da eyni hüquqları var”, - deyə o əlavə edib. Вернуться назад |