Главная > Siyasət / Manset > Azərbaycanın Qarabağ və sərhəd siyasəti: Erməniləri qorxuda saxlayan “məchul qüvvələr” - TƏHLİL

Azərbaycanın Qarabağ və sərhəd siyasəti: Erməniləri qorxuda saxlayan “məchul qüvvələr” - TƏHLİL


8-09-2022, 16:43. Разместил: admin
Azərbaycan Silahlı Qüvvələri özünün balansındakı ən üstün texnologiyalar vasitəsilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan ermənilərin fəaliyyətini izləyə bilir.

Bu il avqustun 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatını hərbi cəhətdən analiz edərkən həmin fikir güclənir.

Birinci amil: Hədəfləri dəqiqliklə məhv edən bu cür hərbi əməliyyatlarda ən müasir texnologiyaların təmin etdiyi kəşfiyyat məlumatları böyük əhəmiyyət daşıyır.

İkinci amil: Azərbaycan tərəfi, onsuz da, dəfələrlə bəyan edib ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin hər addımı izlənilir. Çünki 2020-ci ilin 10 noyabrından sonra Azərbaycan sülhməramlıların müvəqqəti xidmət etdiyi ərazilərə vizual giriş-çıxışa nəzarət imkanlarını genişləndirib.

Üçüncü amil: Azərbaycan 10 Noyabrdan sonra postmüharibə reallıqlarına uyğun əldə etdiyi üstünlüklərlə böyük kəşfiyyat-nəzarət zonası da formalaşdırıb.

Ola bilər ki, Ermənistanda və ya Qarabağda hansısa hərbçi erməni fantaziyalarına qərq olaraq revanşist duyğularını qabardır, lakin proseslər göstərir ki, onların arzusu boğazlarına ilişən kal armuda çevrilib.

Azərbaycan “Qisas”la əlavə üstünlüklər də qazandı və bu qazancını Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi ilə gücləndirdi.

Azərbaycan indi Ermənistanla sərhədin bütün zonalarından Ermənistanın içərilərini ən müasir vasitələrlə nəzarətdə saxlayır.

Sərhəd zonası ilə Qarabağa nəzarət paralellik təşkil edir, bu strateji mənzərəni strateji zərurətlərdən irəli gələn digər hibrid savaş elementləri tamamlayır.

Xankəndi, Xocalı, Ağdərə şəhərlərində yaşayan ermənilər və ya əli gicişib yenidən silaha əl atmaq istəyən terrorçular Azərbaycanın edə biləcəyi həmlələri, yəqin ki, daha yaxşı təxmin edirlər.

Bu, təkcə “Bayraktar”, komando birliklərinin, xüsusi təyinatlı elit dəstələrin yaratdığı xof deyil, ortada başqa gerçəkliklər də var.

Gedişatlar göstərir ki, Azərbaycan istədiklərinə səssiz şəkildə nail olmağı daha məqsədəuyğun sayır, bu isə erməni ağlında onlara qorxu yarada biləcək məchul qüvvələr anlayışını daha da genişləndirir.

Müharibə və ya ona oxşar şəraitlərdə məchul güclər düşməndə qorxu hissini alovlandırır və şəxsi heyət arasında isterik vəziyyət hökm sürür.

Azərbaycan bunu 44 günlük Vətən müharibəsində elit qüvvələrin əməliyyatları, dəqiq silahların tətbiqi ilə göstərdi.

Bakı müharibənin nəticələrini təhlil etdikdən sonra çatışmazlıqları da doldurur və ən müasir silahları, nəzarət edən texnologiyaları almaqda davam edir.

Alınan silah və təhlükəsizlik-müşahidə cihazlarının bir hissəsi sərhədə və Qarabağa yönləndirilir. Hətta Azərbaycanda meşəlik əraziləri belə, müşahidə altında saxlaya bilən supercihazların olduğu qənaətindəyəm, çünki ermənilər nə açıqlıqda, nə də meşəliklərdə özlərinə mövqe qura bilirlər.

NƏTİCƏ:

Azərbaycan ermənilərin ən sıx yaşadıqları Xankəndinin və Ağdərənin içərilərinə qədər hər şeyi nəzarətdə saxlayır.

Bu müşahidə imkanları daha da genişlənəcək, çünki Azərbaycan dövlətinin strateji müdafiə qabiliyyəti həmin tələbi çağırış kimi qarşıya qoyur.

Bütün gedişatların məntiqi və xarakteri bir nəticəyə hesablanıb: Rusiya sülhməramlılarının çıxarılması üçün şərait yaratmaq və Xankəndidə, Ağdərədə, Xocalıda tamhüquqlu suverenliyi bərpa etmək.
Вернуться назад