Главная > Siyasət / Manset > “Aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil” - ŞƏRH

“Aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil” - ŞƏRH


3-09-2022, 16:00. Разместил: admin
Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır. İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaq. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq.

Belçika Krallığının paytaxtında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Brüsseldə bağlı qapılar arxasında keçirilən danışıqlardan sonra Ş.Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib.



Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə hazırlayıb.

Sabit vəziyyətin daha yaxşı təmin edilməsi

Bəyanatdan aydın olub ki, görüşdə Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib. Xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Bununla yanaşı, humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Üçtərəfli görüşdə sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişlərin və sabit vəziyyətin daha yaxşı təmin edilməsi də nəzərdən keçirilib. Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinib. Nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr də nəzərdən keçirilib. Üçtərəfli formatda cari il noyabrın sonunda yenidən görüşməklə bağlı razılıq əldə olunub.



Azərbaycanın gücünə qarşı gəlmək mümkün deyil

Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə sayca 4-cü dəfə Brüsseldə baş tutan üçtərəfli görüşün yekunlarını şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə doğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Deputatın sözlərinə görə, bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur:

“Postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər, qətiyyət tələb edirdi. Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq, sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi. Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipulyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı. Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil”.



İntensiv danışıqlar və inteqrasiya mərhələsi

H.Babaoğlu söyləyib ki, indiki reallıqda güc, beynəlxalq hüquq, ədalət Azərbaycanın lehinədir:

“Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır. İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaq. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu, yaxud ümumiyyətlə Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür. Danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı və xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var. Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevrilməsi üçün ilkin şərtlər artıq mövcuddur”.



Sülhün və təhlükəsizliyin qorunması

Politoloq İlyas Hüseynov deyib ki, Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi və moderatorluğu ilə Avropanın siyasi paytaxtı Brüsseldə keçirilən sayca 4-cü görüş Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına doğru atılmış daha bir uğurlu addımdır. Onun sözlərinə görə, Ş.Mişel indiyə qədər bu istiqamətdə bir çox təşəbbüslərlə çıxış edib:

“Avropa İttifaqı regionda nüfuzunu daha da inkişaf etdirməkdə maraqlıdır. Son görüşün yekunlarına dair bəyanatdan da açıq-aydın görünür ki, Avropa İttifaqı bir sıra məsələlərdə öncüllüyü ələ almağa çalışır. Nəzərə alaq ki, Rusiyanın vasitəçiliyi ilə də oxşar görüşlər keçirilir. 44 günlük Vətən Müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə 3 bəyanat imzalanıb. Elə məsələlər var ki, Avropa İttifaqı öz prioritetlərini ortaya qoyur. Sülh müqaviləsinin imzalanması ilə bağlı addımlar məhz Brüssel formatına uyğundur. Əlamətdar hadisədir ki, Brüsseldəki təmaslarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də iştirak ediblər. Düşünürəm ki, bundan sonra nazirlər ikitərəfli təmaslar keçirməklə prosesin irəliyə doğru getməsinə çalışacaqlar”.



Neqativ çıxışlar düşmənçiliyi təşviq edir

Politoloq söyləyib ki, kommunikasiyaların bərpası, nəqliyyat dəhlizlərinin açılması məsələsi də Brüssel görüşündə gündəmdə olub. O, hər iki ölkə liderlərinin öz gələcək çıxışlarında sülhə yönəlik çağırışlara üstünlük vermələrinə dair razılığa gəlmələrini də mühüm hadisə kimi dəyərləndirib:

“Neqativ çıxışlar düşmənçiliyi təşviq edir, sülh prosesinə kölgə salır. Avropa İttifaqının yanaşmasına görə, Azərbaycan və Ermənistan liderləri toplumları da sülhə hazırlamalıdırlar. Bu mənada ictimai çıxışlar belə məsələlərdə mühüm rol oynayır. Noyabrda keçirilməsi planlaşdırılan növbəti üçtərəfli görüşə qədər həm Baş nazirlərin müavinləri, həm də xarici işlər nazirləri səviyyəsində bir sıra təmaslar keçiriləcək. Bu təmaslar Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası məsələlərini əhatə edə bilər. Ola bilsin ki, noyabrda mövcud narahatlıqlar, tərəfləri qane etməyən məsələlər aradan qaldırılsın və hansısa bir hüquqi sənəd imzalansın".
Вернуться назад