Главная > Siyasət > Rusiya şirkətləri Bakıda ixrac müqavilələri imzalayacaqlar

Rusiya şirkətləri Bakıda ixrac müqavilələri imzalayacaqlar


10-08-2022, 21:49. Разместил: admin
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.

“Report” Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinə istinadən xəbər verir ki, səfər zamanı bir sıra danışıqlar, “B2B” formatında görüşlər və Azərbaycan müəssisələrinə səfərlər gözlənilir.

Biznes nümayəndə heyəti ilə Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycandakı nümayəndəliyinin ofisində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və RİM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevlə görüş keçirilib.

Tula vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbərinin müavini Polina Nikitenko deyib ki, regionun müəssisələrində istehsal edilən məhsulların ixracı məhsul idxalından düz iki dəfə çoxdur.

R.Mirsayapov isə iş adamlarının diqqətini ölkələr arasında azad ticarət sazişi, sertifikatların təsdiq edilməsinin sadələşdirilmiş proseduru və Azərbaycanda logistika infrastrukturunun inkişafına yönəldib:

“Tula vilayəti Azərbaycana ixrac üçün perspektivli sahələrə malikdir: ərzaq məhsulları, metal konstruksiyalar, yüksək texnologiyalı avadanlıqlar”.

N.Quliyev öz növbəsində, Rusiya müəssisələrinin ehtiyacları üçün Rusiyanın ixrac və idxalını dəstəkləmək məqsədilə RİM-də mövcud olan maliyyə və qeyri-maliyyə alətlərini təqdim edib.

Qeyd edək ki, nümayəndə heyətinə “Kubanmaslo-Emz” MMC, “Belevskaya Konditerskaya Kompaniya” MMC, “Armada SB” MMC, “Starıye traditsiyi” MMC və sair müəssisələrin rəhbərləri daxildir.
Вернуться назад