Главная > Siyasət / Manset > “Balkan şahmat taxtası”nda gedən mübarizə
“Balkan şahmat taxtası”nda gedən mübarizə7-08-2022, 22:32. Разместил: admin |
Qərb mediası, ekspertlər bildirir ki, Belqrad Aİ-yə üzvlüyü strateji hədəf elan edib, rəsmi namizəd ölkə statusu alıb və üzvlük müzakirələri aparır. O ki qaldı Rusiyaya, Kreml maraqlıdır ki, yeni bir münaqişə ocağı yaradıb, Qərbin diqqətini Ukraynadan, ona dəstəkdən yayındırsın. Lakin reallıq budur ki... Kosovo ilə Serbiya arasında iyulun 31-dən avqustun 1-nə keçən gecə başlayan münaqişə elə qəfildən də səngiyib. Qarşıdurmanın səbəbi bürokratik formallıq olsa da, kökündə daha dərin səbəblər olduğu bəllidir. Bu dəfə “səbəb” odur ki, Kosovo ərazisində yaşayan hər kəs üçün vahid şəxsiyyət vəsiqəsi tətbiq etmək və avtomobillərin dövlət nömrə nişanlarını yenidən qeydiyyata almaq qərarına gəlib. Bu da serbləri narazı salıb. Gərginlik o həddə çatıb ki, hətta dünya müharibəsi təhlükəsindən danışılıb. Məsələ ondadır ki, Kosovo ərazisində NATO bazası mövcuddur. Serbiya isə Rusiyanın nəzarətindədir. Məsələyə qlobal miqyasda baxsaq, “Balkan şahmat taxtası”nda hələ də böyük dövlətlər arasında mübarizə gedir. Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik: Yeni müharibə ola bilər? Balkanlar artıq bir dəfə dünya müharibəsinin fitili kimi tarixə düşüb. Bu, yenidən baş verə bilərmi? Serbiya ordusu tam döyüş hazırlığına keçib və Kosovo xüsusi təyinatlıları münaqişə zonasına çəkilib. 1999-cu il müharibəsindən və Kosovonun Serbiyadan ayrılmasından sonra serb azlığın yaşadığı Kosovska Mitrovitsa bölgəsində vəziyyət gərginləşdi. Təzyiq və təhlükəsizlik təhdidlərinə görə serblər buradan kütləvi şəkildə getməyə başladılar. Bu günə qədər 200 min insan bölgəni tərk edib, təxminən 100 minə yaxın serb qalıb. Bu serblər özlərini Serbiyada görür, serb sənədləri ilə yaşayır və serb nömrələri ilə maşın sürürlər. Priştina hakimiyyəti də hər kəsə vahid pasport vermək və avtomobillərin nömrəsini dəyişmək niyyətindədir. Kosovo rəsmiləri bu qərarı Serbiyanın öz ərazisində kosovolulara qarşı eyni tədbirləri görməsi ilə izah edirlər. Üstəlik, ekspertlər vurğulayırlar ki, əgər serblər Serbiya sənədləri ilə yaşamağa davam etsələr, o zaman şimal bölgələrinin Kosovodan ayrılmasına təhdid yarana bilər. Belqrada gəldikdə, öz mövqeyində qalmaq üçün nə gücü, nə də vasitələri var. Bu gün serblər təkdirlər, hətta onların ənənəvi müttəfiqi olan Rusiya da vəziyyətin gərginləşəcəyi təqdirdə onlara kömək etməyəcək. Rusiya Ukraynada bataqlığa düşüb. Monteneqro NATO-ya daxil olduqdan sonra Rusiyanın Serbiyaya birbaşa marşrutu yoxdur. Ritorikası dəyişən Vuçiç Belə şəraitdə Serbiya prezidenti Aleksandr Vuçiç özünü daha təvazökar apara bilərdi, lakin artıq bir neçə aydır ki, o, çıxışlarında Kremllə xüsusi münasibətlərdən bəhs edir, qarşılıqlı dəstəyə eyham vurur. Bu da, təbii ki, cəzasız qala bilməzdi. Praktiki olaraq bütün Qərb Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxdı və iqtisadiyyatı təhlükə altına alaraq onunla ticarət və enerji əlaqələrini pozdu. Belə bir durumda Avropanın mərkəzində və ən mühüm yerdə - Balkanlarda hansısa dövlətin Rusiya ilə müttəfiq olmasına göz yumulacağına inanmaq sadəlövhlük olardı. Son münaqişədən cəmisi bir neçə saat sonra Vuçiçin ritorikasının dəyişməsi olduqca diqqətəlayiqdir. Əvvəlcə sona kimi mübarizə aparacaqlarını, bir neçə saat sonra isə sülh üçün dua etdiyini deyib: “Mən həm serblərə, həm də albanlara müraciət edirəm - sülhü qoruyun. Atmosfer qaynayıb-qarışır, serblər daha qəddarlığa dözməzlər, az qala onların qarşısında diz çöküb yalvardım və, nəhayət, sözümü aldım.Vəziyyət çox mürəkkəbdir”. Görünən odur ki, Serbiya NATO-nun təzyiqinə tab gətirə bilmir. Onun üçün ən əlverişli ssenari Moskva ilə xüsusi münasibətlərin kəsilməsidir. Ukrayna Kosovonun müstəqilliyini tanıyacaq? Belqrad və Priştina arasında gərginləşən münasibətlər fonunda Kiyevin Kosovonun müstəqilliyini tanımaq istəyi də müzakirə olunur. Gəlinən qənaət də budur ki, bu, Ukraynanın Krımla bağlı mövqeyini zəiflədə bilər. Ukrayna 2019-cu ildən Kosovo pasportlarına viza verir. Ukraynalı ekspertlər hesab edir ki, hakimiyyət “heç bir halda” Kosovonun müstəqilliyini tanımamalıdır. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib. “Kosovo hadisəsi Krım hadisəsi ilə eynidir. Əgər biz Kosovonu tanıyırıqsa, deməli, Krımla bağlı mövqeyimiz xeyli zəifləyəcək”, - Denisenko bildirib. Əlavə edib ki, bu amili nəzərə alaraq Kosovonu heç bir halda tanımaq olmaz. Bu arada, Kiyevdəki müşahidəçilər Moskvanın hazırkı Kosovo böhranında nə dərəcədə əli olması ehtimalı ilə bağlı müzakirələr aparırlar. Ukraynalı diplomat və ictimai xadim Markiyan Lubkivski hesab edir ki, Rusiyanın Belqrad və Priştina arasında münaqişənin kəskinləşməsində iştirakı hələ görünmür. Amma gələcəkdə Rusiya müdaxilə edib növbəti gərginlik ocağı yarada bilər. Lubkivski deyib ki, Kreml bununla da Avropa və dünya ictimaiyyətinin diqqətini Ukrayna böhranından yayındırmağa çalışar. Serbiya seçim edib Avropada növbəti Serbiya-Kosovo savaşının olub-olmayacağı perspektivini şərh edən Qərb mediası, ekspertlər bildirirlər ki, Belqrad Aİ-yə üzvlüyü strateji hədəf elan edib, rəsmi namizəd ölkə statusu alıb və üzvlük müzakirələri aparır. Serbiyanın ən iri ticarət ortağı Aİ-dir, əsas investisiyalar Avropadan gəlir. Müzakirə prosesinin uğurundan asılı olaraq Aİ fondları Serbiyanın üzünə açılacaq. Kosovoda NATO-nun sülhməramlı qüvvələri (KFOR) var və oraya hər hansı genişmiqyaslı hücum KFOR missiyasını da hədəfə çevirəcəyi üçün NATO-nun müdaxiləsi qaçılmaz ola bilər. O ki qaldı Rusiyaya, o maraqlıdır ki, yeni bir münaqişə ocağı yaradıb Qərbin diqqətini Ukraynadan, ona dəstəkdən yayındırsın. Lakin reallıq budur ki, serb xalqının və dövlətinin tarixi müttəfiq Rusiya ilə əlaqələrə böyük dəyər verməsinə baxmayaraq, Serbiya strateji seçimini edib: ölkənin yönü Avropa İttifaqına doğrudur. Вернуться назад |