Главная > Siyasət / Manset > İğtişaşı təbliğ edən Solovyov: Putinin tapdanan imzası - ŞƏRH + FOTO
İğtişaşı təbliğ edən Solovyov: Putinin tapdanan imzası - ŞƏRH + FOTO29-06-2022, 16:19. Разместил: admin |
Azərbaycan bütün beynəlxalq müqavilələrə əməl edən nümunəvi dövlətlərdəndir. Bunu bir qayda olaraq qarşı tərəfdən də gözləyir. Azərbaycanla Rusiya arasında son dörd ayda iki sənəd imzalanıb: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”. Rusiya tərəfdən birinci sənədi Prezident Vladimir Putin, ikincisini isə xarici işlər naziri Sergey Lavrov imzalayıb. Bu sənədlər tərəflərin üzərinə bir sıra məsuliyyətlər qoyur. Ancaq sazişlərin mürəkkəbi qurumamış Rusiya tərəfdən pozuculuq addımı atılıb. RF-nin siyasi ideologiyasının aparıcı təbliğatçılarından sayılan Vladimir Solovyov yenə anti-Azərbaycan çıxışı ilə seçilib. O, bu dəfə “Polnıy kontakt” (“Tam təmas”) verilişinə Azərbaycanın satqın vətəndaşı, separatçı David Babayan adlı araqarışdıran “siyasətşünas”ı dəvət edib. Babayanın Azərbaycana qarşı çıxışları hər kəsə bəllidir. O, regionda sülhə və əməkdaşlığa qarşı çıxış edən iğtişaşçılardan, bölgədə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə qarşı olanlardandır. Bu, həm də onun regionda pozuculuq fəaliyyəti üçün tapşırıq yerinə yetirdiyini də ehtimal etməyə əsas verir. Siyasi-ideoloji cəhətdən ermənilik xəstəliyinə yoluxmuş Babayan və onun kimilərinin düşüncəsi, danışmasa belə, məlumdur. Problem Solovyovdadır. Rusiyanın təbliğat ruporlarından sayılan bu jurnalist əxlaq, peşə əxlaqı, beynəlxalq hüquq, dövlətlərarası münasibətlər kimi bütün normaları pozub. O, öz dövlətinə xəyanət edib. Solovyov bununla da Vladimir Putin və Sergey Lavrovun imzaladıqları sənədləri heçə sayıb. Halbuki müttəfiqliyə dair Bəyannamədə onun fəaliyyətini tənzimləyəcək bənd var. Solovyov ilk növbədə həmin sənədin birinci maddəsini - “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” - və 11-ci maddəsini - “ Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar” - pozub. İyunun 24-də Sergey Lavrovun imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in müxtəlif müddəaları da pozulub. Bu, Rusiya KİV təmsilçiləri, o cümlədən Solovyov tərəfindən edilən ilk qərəzli yanaşma, səhv deyil. Şəxsən Solovyov əvvəllər də anti-Azərbaycan çıxışları ilə seçilib. Solovyov ölkəsinin prezidenti və nazirinin imzasına hörmətsizlik etməklə Rusiyanın mənfi imicinin də yaranmasına şərait yaradıb. Onsuz da Ukraynadakı müharibəyə görə RF-nin beynəlxalq nüfuzuna zərbə dəyib. Dünya ictimaiyyəti Rusiyanı beynəlxalq hüquqa hörmət etməyən, günahsız insanların ölümünə səbəb olan bir ölkə olaraq tanıyır. Rusiyanın humanitar tədbirlərdən belə, kənarlaşdırılması da bunu təsdiqləyir. Belə bir vəziyyətdə ölkənin istənilən vətəndaşının Rusiyanın sifətini qorumağa çalışması daha məntiqli olardı. Görünür, Solovyova belə arxayın və sərbəst fəaliyyəti üçün Rusiyada şərait yaradanlar da var. Əks halda o, öz ölkəsinin prezidentinin və nazirinin imzalarını tapdalamazdı. Solovyovun fəaliyyəti həm də Cənubi Qafqazda sülh və əməkdaşlığa qarşı təbliğat kimi dəyərləndirilə bilər. O, regionda iğtişaşların yaranmasını təbliğ edib. Yayılan xəbərlərə görə, Solovyov Azərbaycandan üzr istəyib. Ancaq nə faydası var?! Ox yaydan çıxıb. Solovyov Rusiyanın imzaladığı öhdəliklərə əməl etməyib. Solovyov verilişinə dəvət etdiyinin kimliyini bilmirdi? O, qonağının nə danışacağını az qala əvvəldən bilənlərdəndir. Üzr istəmək tərbiyə göstəricisidir. Ancaq Solovyovun əvvəllər etdiklərini nəzərə alsaq, bu addımın onun tərbiyəsindən irəli gəldiyini düşünmək sadəlövhlük olar. O, səhv edib, öz ölkəsi haqqında pis fikir yaratmağa və sonra üzr istəməyə bir növ adətkardır. Onun üzrü də günahından betərdir. Beləsinə qozbel deyirlər... Вернуться назад |