Главная > Siyasət > Danial Saari: “Nazarbayev indi millətin lideri deyil, ancaq Qazaxıstan balansı qoruyur” - MÜSAHİBƏ
Danial Saari: “Nazarbayev indi millətin lideri deyil, ancaq Qazaxıstan balansı qoruyur” - MÜSAHİBƏ7-06-2022, 11:16. Разместил: admin |
Bazar günü Qazaxıstanda ölkənin əsas qanununa dəyişikliklərlə bağlı referendum keçirilib. Nəticədə ölkənin ilk Prezidenti Nursultan Nazarbayev Elbası (Millət Lideri) statusunu itirib. Referendumun keçirilmə səbəbləri, referenduma yaranan zərurət barədə Oxu.Az-a qazaxıstanlı analitik, professor-praktik, Almatı İdarəetmə Universitetinin (AlmaU) Siyasət və Hüquq Məktəbinin Siyasi Araşdırmalar Mərkəzinin direktoru Danial Saari danışıb. Hazırkı referendumun ilin əvvəlində Qazaxıstanı bürüyən iğtişaşlar dalğası, həlak olan yüzlərlə insanla əlaqəsi barədə danışan analitik bildirib ki, yanvar hadisələri Konstitusiyanın bəzi müddəalarına yenidən baxılmasına, şübhəsiz ki, öz təsirini göstərib. “Bu, əsasən ilk prezident Nursultan Nazarbayevin statusuna və vətəndaşların seçkili hakimiyyət orqanlarına namizədliyini irəli sürmək imkanlarına aiddir. Əvvəllər bu, yalnız partiya siyahıları ilə mümkün idi, indi qarışıq sistem tətbiq olunur - deputatların 30%-i majoritar sistemlə seçiləcək. Hazırkı prezident Qasım-Jomart Tokayev tərəfindən irəli sürülən təkliflərin bir çoxu əhalinin seçki proseslərində iştirakını asanlaşdırmalıdır”, - deyə Danial Saari bildirib. Əvvəllər parlament tərəfindən Qazaxıstan Xalqları Assambleyası üçün kvota ayrılmasının nəzərdə tutulduğunu, lakin hazırda hər şeyin ümumi əsasda olacağını qeyd edən professorun fikrincə, artıq daha mühüm məsələ ölüm hökmünün tətbiqinə qoyulan moratoriumun hazırda tamamilə ləğv edilməsidir. “Torpaq artıq dövlətin tam mülkiyyətində deyil. Amma burada bir nüans var: sahibi olduğun torpağın altında faydalı qazıntılar varsa, deməli, onlar yenə də dövlətindir”, - deyə o, torpaq mülkiyyəti ilə bağlı məqamlara toxunub. Elbası statusunun ləğvi ilə bağlı danışan Saari bunun prinsipial qərar olduğunu vurğulayıb: “Eynilə yanvar iğtişaşlarını xatırlayın. Əsas hiddət birinci prezidentə, onun qohumlarına və onların əmlakına yönəlmişdi. Belə ki, bu məqam, dediyim kimi, prinsipial idi, ilin əvvəlində sosial etiraza çıxan insanların tələbi idi”. Onun sözlərinə görə, Nazarbayevin dövründə ölkənin xarici siyasət vektoru, türk dünyası ilə yaxınlaşma ona ömürlük Türk Şurasının (indi Türk Dövlətləri Təşkilatıdır) fəxri sədri statusunun verilməsi ilə nəticələnib. Ekspert indi bu yöndə nələrinsə dəyişəcəyi fikrində olmadığını qeyd edib: “Bəli, Nazarbayevin dövründə heç bir istiqamətdə xüsusi qərəzlilik yox idi. Qazaxıstan çoxvektorlu siyasət yürüdürdü, birinci prezidentin dövründə də, indi də, Kasım-Jomart Tokayevin dövründə də balans qorunub saxlanılır”. Вернуться назад |