Главная > Siyasət / Manset > Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? – İZAH

Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? – İZAH


31-05-2022, 11:39. Разместил: admin
Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra Cənubi Qafqazın geosiyasi həyatında əsaslı dəyişikliklər oldu.

Mənzərədə münaqişəyə yer qalmadı, amma mübahisəli məsələlərin hələ də mövcudluğu özünün yedəyində risklər gətirir.

Risklər geosiyasi orqanizmdə müdafiə immunitetlərini gücləndirmək çağırışları qoyur, Azərbaycan da bu çağırışlar qarşısında hərbi-siyasi tədbirlər görür.

Bakı ikitərəfli və çoxtərəfli münasibətlərinin miqyasını Türkiyə ilə strateji müttəfiqlik əlaqələri prizmasında genişləndirir və qarşılıqlı şəkildə birgə maraqları stimullaşdıran addımlar atılır.

Bakının müdafiə siyasəti dövlətin hərbi təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və bu tezislər hərbi, siyasi, iqtisadi və sosial tədbirlər əsasında formalaşır. Bunlar Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsi üçün əlverişli daxili və xarici şəraitin yaradılmasına xidmət edir.

Əlverişli şərait üçün atıla biləcək addımlardan biri də Türkiyənin Azərbaycanda hərbi baza yaratması olardı, hərçənd ki, bir çox ekspert bunun hüquqi cəhətdən mümkünsüzlüyünə diqqət çəkir.

Ancaq belə yanaşma bilgisizlikdən irəli gəlir və məsələ heç də belə deyil. İzahını verməyə çalışaq. Azərbaycanın hazırda qüvvədə olan Hərbi Doktrinasının 29-cu maddəsinə əsasən, rəsmi Bakı tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir.

Lakin bu cümlənin ardınca gələn cümlədə Azərbaycanın müstəsna hüququ xatırladılır. Həmin cümlə belədir:

“Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Sual olunur: Hərbi-siyasi şəraitdə əsaslı dəyişiklik olubmu? Əlbəttə ki, olub, bu barədə yuxarıda yazdıq. Bəli, söhbət Cənubi Qafqazdakı yeni reallıqdan gedir.

Azərbaycan nəzərdə tutulan hərbi-siyasi tədbirlərin planlaşdırılması və hərtərəfli təminatı, onların çevik və operativ həyata keçirilməsi üçün Türkiyənin ordu modelinə müraciət edir.

Bu model artıq tətbiq edilir və gələcəkdə Silahlı Qüvvələr tamamilə həmin modeldə işini quracaq.

Qardaş ölkənin ordu sisteminə inteqrasiyanın sürətlənməsi üçün Azərbaycanda Türkiyənin hərbi bazasına da ehtiyac yarana bilər. Bu, strateji müttəfiqlikdə yeni səhifə aça bilər.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığı mövcuddur.
Вернуться назад