Главная > Siyasət / Manset > İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi münasibətilə konfrans təşkil edildi - FOTO

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi münasibətilə konfrans təşkil edildi - FOTO


26-05-2022, 21:53. Разместил: admin
İstanbul şəhərindəki Üsküdar Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Karabakh is Azerbaijan!” Milli Platforması nəzdindəki “Qarabağ Azərbaycandır!” Koordinəetmə Dərnəyi, Türkiyə-Azərbaycan Nəhəng Qardaşlıq, Dostluq, Mədəniyyət və Strateji Platforması, Üsküdar Universiteti, Anadolu Aydınlar Ocağının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İstanbul Baş Konsulluğunun, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, “Karabakh is Azerbaijan!” Milli Platformasının rəhbər heyəti, universitetin tələbə və müəllimləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda ölkələrimizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükurla yad edilib.

Tədbirdə Üsküdar Universitetinin rektoru prof. dr. Nevzat Tarhanı, “Karabakh is Azerbaijan!” Milli Platformasının nəzdindəki “Qarabağ Azərbaycandır!” Koordinəetmə Dərnəyinin rəhbəri dr. Elvin Abdurahmanlı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı, Türkiyə-Azərbaycan Nəhəng Qardaşlıq, Dostluq, Mədəniyyət və Strateji Platformasının sədri prof.dr. İbrahim Öztek, Üsküdar Universiteti sosiologiya bölüm rəhbəri prof.dr. Əbülfəz Süleymanlı, araşdırmaçı-yazar Aygün Həsənoğlu çıxış ediblər.

Tədbir iştirakçılarını və xalqımızı bu əlamətdar tarixi hadisə münasibətilə bağlı təbrik edən natiqlər bildiriblər ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycanda demokratik və dünyəvi respublika ənənələrinin başlanğıcı qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dönəmində xalqımızın milli şüurunu və məfkurəsini özünə qaytarıb, öz müqəddəratını təyin etmək qabiliyyətini göstərib. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsindən də anlaşıldığı kimi, bu möhtəşəm tarix xalqımızın istiqlal hissini daha da gücləndirib. Uzun və mürəkkəb mübarizə yolundan sonra xalqımız 1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edilməsinə, 2020-ci ilin payızında isə torpaqlarımızın erməni işğalından qurtulmasına və ərazi bütövlüyünün bərpa edilməsinə nail olub.

Tədbir çərçivəsində 28 may 2021-ci ildə yaradılmış “Qarabağ Azərbaycandır!” Koordinəetmə Dərnəyinin birillik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və qurumun fəaliyyətini dəstəkləyən şəxslərə plaketlər təqdim edilib.

Konfransdan sonra “Karabakh is Azerbaijan!” Milli Platformasının üzvlərinin və gənc soydaşlarımızın iştirakı ilə görüş keçirilib. Görüş zamanı Milli Platformanın koordinatoru Bəxtiyar Rəhimov platformanın fəaliyyəti və hədəfləri barədə məlumat verib.
Вернуться назад