Главная > Siyasət / Manset > “Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanğıcıdır” - RƏY + FOTO

“Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni mərhələnin başlanğıcıdır” - RƏY + FOTO


23-04-2022, 16:20. Разместил: admin
“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxıb.

Deputat qurultayın Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində keçirilməsinə toxunaraq vurğulayıb ki, bu həm dünya azərbaycanlılarına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj kimi qəbul edilə bilər:

“Hesab edirəm ki, qurultayın keçirilməsi üçün məhz Şuşanın seçilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir. Eyni zamanda Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz bu şəhərdə müəyyənləşdirməsi xüsusi məna kəsb edir. Şuşa bizim üçün mədəniyyət paytaxtı, zəfər rəmzi olmaqla yanaşı, həm də birliyimizin, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzidir”.



S.Məmmədov Azərbaycan Prezidentinin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələrin qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər olacağını vurğulayıb:

“Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Düşünürəm ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Lakin indi Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı üzərinə götürür. Əminəm ki, ötən illərin təcrübəsi soydaşlarımızın bu missiyanı da uğurla yerinə yetirəcəyini söyləməyə əsas verir”.
Вернуться назад