Главная > Siyasət / Manset > Prezidentdən məmurlara sərt xəbərdarlıq - Video

Prezidentdən məmurlara sərt xəbərdarlıq - Video


13-01-2022, 08:23. Разместил: admin
“Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq”.

“Azadsəs.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı müsahibəsində məmurlara sərt xəbərdarlıq edib:

“Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq.

Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.

Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq.

Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin.

İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin”.
Вернуться назад