Главная > Siyasət / Dünya > Soçi görüşü öncəsi Sankt-Peterburqda danışıqlar: Matviyenkonun mesajı – TƏHLİL+FOTO

Soçi görüşü öncəsi Sankt-Peterburqda danışıqlar: Matviyenkonun mesajı – TƏHLİL+FOTO


25-11-2021, 20:21. Разместил: admin
Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlament Assambleyasının plenar iclaslarında iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir.

İlk baxışda bu səfəri texniki prosedurların tərkib hissəsi kimi qələmə verə bilərik. Lakin üzdə xırda görünən bir neçə məqamın üzərindən sükutla keçməsək görərik ki, səfərin forması texniki olsa da, məzmununda hansısa hadisələrin olacağı mesajı gizlənir.

Bu tezisi möhkəmləndirəcək arqumentlərə nəzər salaq:
1. Ümumiyyətlə, Azərbaycan dövlətinin VI çağırış Milli Məclis qarşısında qoyduğu prioritetlərdən biri də parlament diplomatiyasının keyfiyyətcə intensivləşməsidir. Sahibə Qafarova beynəlxalq platformalarda Azərbaycan parlamentinin sədri kimi dövlətin maraqlarını ifadə edən bəyanatlar səsləndirir.

2. Fikir verək: 2020-ci ildə Vətən müharibəsi başlamamışdan 4 gün öncə Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada xarici işlər naziri Sergey Lavrovla görüş keçirmişdi. Bu, müharibə öncəsi Azərbaycan üçün vacib idi.

3. İranda Prezident İbrahim Rəisinin andiçmə mərasiminə Sahibə Qafarova göndərilmişdi, rəsmi Bakı açıq şəkildə ictimailəşdirmədiyi məqamları Sahibə Qafarova vasitəsilə Tehrana çatdırmışdı.

Qısası, Sahibə Qafarovanın səfərlərinə təkcə sıradan texniki xarakterli məzmun vermək kifayət etmir.

Sahibə Qafarova noyabrın 25-də Sankt-Peterburqda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Diqqət çəkən məqamlar:

1. Bu görüş Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə keçiriləcək görüşündən bir gün öncəyə təsadüf etdi.

Bu, o deməkdir ki, Rusiya ilə Azərbaycan parlament səviyyəsindəki danışıqlarla qarşılıqlı maraqları uzlaşdırılır.

2. Matviyenko Azərbaycan-Ermənistan sərhədlərinin dəqiq müəyyənləşdirilməsi üçün ən etibarlı istinad nöqtəsinin SSRİ xəritələri olduğunu dilə gətirib və onların Rusiya Müdafiə Nazirliyində saxlanıldığını xatırladıb.

Bu, bir daha Kremlin “sərhədlərin dəqiqləşdirilməsinə digər güclər qoşulmasın” mesajının çatdırılmasıdır.

3. Sahibə Qafarova isə bir daha Bakının mövqeyini ifadə edib: Ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası mümkündür. Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.
NƏTİCƏ: Azərbaycan Soçi görüşünə güclü əllə gedir, çünki Rusiyanın “sərhəd ideyaları” əvvəldən Bakının maraqlarına uyğun idi.

İndi deyə bilərik ki, Matviyenko da Soçidə üçtərəfli görüş öncəsi Ermənistana xəbərdarlıq edir.

Üçtərəfli görüş öncəsi belə məqamlar bir tərəfin digəri üzərində psixoloji üstünlük qazanması üçün vacibdir.

Azərbaycan da, Rusiya da Ermənistan üzərində böyük üstünlüklərə sahibdir, amma İrəvandan gələn qeyri-müəyyən mövqe Bakının da, Moskvanın da səbrini daşırır...

Məhz yuxarıda qeyd etdiyimiz Lavrovla görüş məsələsi kontekstindən yanaşsaq, Soçidə də Ermənistanın növbəti güzəştlərə imza atacağı ehtimalları güclənir.

Вернуться назад