Главная > Siyasət / Dünya > “Bununla Ermənistan tərəfi bizim şərtlərimizi qəbul etmiş oldu”
“Bununla Ermənistan tərəfi bizim şərtlərimizi qəbul etmiş oldu”10-11-2021, 21:32. Разместил: admin |
“10 noyabr bəyanatı 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbənin məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin, xalqının, ordunun birgə həmrəyliyi ilə müharibədən qazanılan qələbənin yekunudur”. Bunu “Azadsəs.com”a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy 10 noyabr bəyanatının ildönümü ilə bağlı danışarkən deyib. O qeyd edib ki, müharibə dövründə Azərbaycan tərəfi Ermənistan tərəfini hərbi-siyasi, diplomatik və psixoloji mənada çox ciddi məğlubiyyətə uğradıb: “Müharibənin başından etibarən Ermənistan və onun havadarları, xüsusilə də erməni diasporu müharibənin dayandırılması üçün ciddi cəhdlə çalışdı. Azərbaycan tərəfi isə öz siyasi hədəflərinə çatmadan dayanmayacağını bəyan etmişdi. Bu hədəf də Azərbaycan torpaqlarının işğaldan tam azad edilməsi şəklində idi. Kapitulyasiya aktı nəticəsində Ermənistan tərəfi bizim şərtlərimizi qəbul etmiş oldu. İmzalanan anlaşmada hamıya bəlli olan hadisələr çərçivəsində Ermənistan müharibə olmadan Ağdam, Kəlbəcər və Laçın bölgələrini tərk etməsi məsələsi öz həllini tapdı. Kommunikasiyaların açılması ilə bağlı müəyyən məsələlər bəyanatda əks olundu. Bu atəşkəsin ən mühüm məsələsi isə erməni tərəfinin öz məğlubiyyətini qəbul etməsi idi. Bu çərçivədə Ermənistan ordusu Laçın, Kəlbəcər, Ağdamdan çıxarıldı və rus sülhməramlıları regiona daxil oldu. Ancaq aradan keçən bir il ərzində bəyanatın təsdiqi ilə bağlı həm müsbət, həm də mənfi məqamları görürük. Mina xəritələrinin bir qisminin alınmasında, Zəngəzur koridorunun açılması ilə bağlı məsələdə irəliləyişlərin olduğunu görürük. Mənfi məqam isə erməni terror birləşmələrinin Xocalı, Xocavənd, Xankəndi daxil olmaqla əksər bölgələrdə hələ də qalmasıdır. Bu məqamda Rusiya sülhməramlıları öz üzərinə düşən öhdəlikləri də tam yerinə yetirmirlər. Bundan əlavə, Ermənistan mina xəritələrinin hamısının verilməsi ilə bağlı məsələdə az əməkdaşlıq göstərir”. Politoloq bildirib ki, təslimiyyət müqaviləsinin müxtəlif istiqamətləri var: “İndiki dövrdə bu cür məğlubiyyətin Ermənistan tərəfindən qəbul edilməsi faktı var. Bəzi başqa ölkələrdə kapitulyasiya aktlarında təzminat məsələsi mövcuddur. Digər tərəfdən müharibə cinayətkarlarının beynəlxalq məhkəmələrdə cəzalandırılması məsələləri var. Hələlik imzalanan rəsmi kapitulyasiya aktında bu məqamlar özünü göstərməyib. Bu mənada digər kapitulyasiya aktlarından fərqlənir. Ancaq Azərbaycan tərəfi müxtəlif səviyyələrdə bununla bağlı addımlar atacağını bəyan edir və aidiyyəti qurumlara müraciətlərini də edib. Gözləmək olar ki, bunlar sonrakı prosesin bir parçası olacaq. Onu da qeyd edim ki, 10 noyabrdakı məsələ sülh müqaviləsi deyil, bəyanatdır. Bu bəyanat atəşkəsdən də fərqlənir. Bu, Ermənistanın məğlub tərəf kimi masaya oturmasını şərtləndirən bir müqavilədir. Bu mənada da çox ciddi əhəmiyyətə malikdir. Eyni zamanda, bəyanat 30 illik Azərbaycan torpaqlarının işğalına son verən sənəd olması etibarilə də çox əhəmiyyətlidir. 200 illik ərazi itirmə prosesimizin geriyə döndürüldüyünü rəsmi olaraq ortaya qoyan sənəd olduğu üçün də böyük əhəmiyyətə malikdir”. Вернуться назад |