Главная > Siyasət > ATGTİ UNEC ilə əlaqələri genişləndirir

ATGTİ UNEC ilə əlaqələri genişləndirir


5-11-2021, 19:37. Разместил: admin
Öz çətiri altında 100 ali və orta ixtisas təhsili müəssisəsinin tələbə gənclər təşkilatını birləşdirən, Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli və İttifaqın üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov və universitetin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova ilə görüşüblər.

Görüşdə rektor Ə.Muradov 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində tələbə gənclərin xüsusi fəallıq göstərdiyini qeyd edərək tələbələrin vətənpərvərlik ruhunda yetişməsində tələbə gənclər təşkilatlarının əhəmiyyətli rol oynadığını vurğulayıb. Ə.Muradov UNEC-də Tələbə Gənclər Təşkilatının, eləcə də digər tələbə təşkilatlarının universitetin ictimai həyatında yaxından iştirakı üçün yaradılmış şəraitdən bəhs edib.

Görüşdə universitetin Tələbə Gənclər Təşkilatına (TGT) seçkilər prosesi, TGT və tələbə klublarının son dövrlərdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ATGTİ tərəfindən icrasına başlanılan “Çətir” və “Hədəf 5%” proqramları çərçivəsində fəaliyyətlərinin gücləndirilməsi, tələbələrin təhsildənkənar fəaliyyəti çərçivəsində bilik və bacarıqlarının artırılması, tələbələrin ictimai və sosial fəaliyyətlərində TGT və tələbə klublarının rolu, beynəlxalq əməkdaşlığın və ölkə daxilindəki digər qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılması müzakirə olunub.

ATGTİ sədri Pərviz Mirələmli görüş zamanı dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə gənclər təşkilatlarının rolu, tələbə gənclərə və tələbə gənclər təşkilatlarına Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən göstərilən qayğı və bu sahədə icra olunan dövlət proqramları haqqında söz açıb. UNEC TGT-nin hər zaman aktiv fəaliyyət göstərdiyini, İttifaq tərəfindən həyata keçirilən layihələrdə tələbə gənclərin iştirakını yüksək səviyyədə təmin etdiyini bildirib və seçkilərin keçirilməsindən sonra yeni komandanın ATGTİ-nin fəaliyyətində daha yaxından iştirak edəcəyinə əminliyini vurğulayıb.

Son olaraq, yaxın gələcəkdə gənclər arasında mobillik və sosial ünsiyyətin genişləndirilməsi sahəsində birgə əməkdaşlıq, müxtəlif sferaları əhatə edən ortaq layihələrin həyata keçirilməsi, sosial sahibkarlığın tələbələr arasında təşviq olunması və UNEC-də “Çətir” proqramı çərçivəsində müvafiq tələbə klublarının yaradılması üzrə danışıqlar aparılıb.
Вернуться назад