Главная > Siyasət / Manset > Vadim Dubnov: “ATƏT-in Minsk Qrupu əslində heç nə edə bilmir və etməyə də hazırlaşmır” – MÜSAHİBƏ

Vadim Dubnov: “ATƏT-in Minsk Qrupu əslində heç nə edə bilmir və etməyə də hazırlaşmır” – MÜSAHİBƏ


4-08-2021, 16:57. Разместил: azadses
İyulun sonlarında Rusiya ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişdi. Moskvanın yeni nümayəndəsi Rusiyanın Filippindəki keçmiş səfiri İqor Xovayev oldu. Bəzi ekspertlər bu postu pensiyaqabağı vəzifə adlandırırlar, çünki əslində ATƏT-in Minsk Qrupunun 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra edəcək heç bir işi yoxdur. Ancaq Minsk Qrupunun özü təslim olmadı, həmsədrlər yenə də Ermənistanı və Azərbaycanı vasitəçilərin himayəsi altında birbaşa ikitərəfli danışıqlara başlamağa çağırdılar.

Tanınmış analitik, Qafqaz üzrə ekspert, “Azadlıq” radiosunun icmalçısı Vadim Dubnov Oxu.Az-a müsahibəsində qeyd edib ki, prinsipcə ATƏT-in Minsk Qrupu Rusiya da daxil olmaqla prosesin iştirakçıları üçün kifayət qədər əlverişli formatdır:

“İki format var – birincisi həm Rusiyanın, həm də Türkiyənin iştirak etdiyi səmərəli, lakin rəsmi olmayan format. İkincisi isə effektiv olmasa da, rəsmi olan format. İkincisi məhz ATƏT-in Minsk Qrupudur ki, onun vasitəsilə bütün qərarlar leqallaşdırıla bilər. Bu cür ikili forma mənim fikrimcə, hər kəsi, hətta Bakını da qane edər. Ümumiyyətlə, Minsk Qrupu hələ də heç kim tərəfindən ləğv edilməyib. Təkrar edirəm, bir çox hallarda bu qurum onsuz qəbul edilən qərarları qanuniləşdirəcək, burada Türkiyənin də fikirləri nəzərə alınacaq. Düşünürəm ki, rusiyalı həmsədrin dəyişdirilməsinin səbəbi də budur. Bəlkə də, Rusiya XİN-də qərar verilib ki, hazırkı vəziyyət üçün İqor Xovayev daha uyğundur”.

- Bununla belə bir çox ekspertlər həmsədr vəzifəsini pensiyaqabağı və heç bir öhdəliyi olmayan vəzifə adlandırırlar...

- Sovet, daha sonra Rusiya diplomatiyasında pensiya və pensiyaqabağı yaş anlayışları olduqca qeyri-müəyyəndir (gülür - red.)

- Bəs bu yaxınlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistana birbaşa ikitərəfli danışıqlara başlamaq çağırışı barədə nə düşünürsünüz? Danışıqlar nə barədə olacaq? Hər şeyin kifayət qədər aydın olduğu Qarabağ, yoxsa dövlətlərarası sərhəd barədə? Vasitəçilərin bunu etmək səlahiyyəti yoxdur? Yoxsa vasitəçilərin bunun üçün sadəcə mandatı yoxdur?

- Suala sualla cavab vermək kimi cəzbedici bir şey var: Minsk qrupu əvvəlki 30 ildə hansı danışıqlara çağırış edib? Bu da əslində heç bir şey etməməsinə və etməyə də hazırlaşmamasına baxmayaraq, özünü qanuni və səlahiyyətli bir orqan olaraq göstərməkdir. Minsk qrupunu qınamaqdan uzağam. Bu qurum sadəcə danışıqlar aparmaq istəyənlər üçün çərçivə konstruksiyası hazırlayır. İndi də yeni reallığa uyğun davranır. Onun siqnallarını deşifrə etməyin mənası yoxdur.

- Nikol Paşinyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı sual verməyə bilməzdim. Hökumət qurulduqdan sonra Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin daha sürətlə gedəcəyi barədə gözləntilər çox idi.

- Nikol Paşinyanın baş nazir vəzifəsinə təyin olunması faktının hansısa şəkildə bu prosesə təsir göstərə biləcəyini düşünmürəm. Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında bütün danışıqlar pərdə arxasında aparılıb. Bu çox incə, mürəkkəb siyasətdir.


Вернуться назад