Главная > Siyasət / Manset > Zahid Oruc: “Trol orduları informasiya məkanımızı zəbt edib”

Zahid Oruc: “Trol orduları informasiya məkanımızı zəbt edib”


25-05-2021, 13:56. Разместил: azadses
“Görmək çətin deyil ki, qlobal sosial şəbəkələr virtual Azərbaycanın gerçək aləm olduğunu şüurlara sırıyır. Sürətlə saxta xəbərlərin əsirinə çevrilirik. Trol orduları informasiya məkanımızı zəbt edib. Xalqımızı onlar məlumatlandırır. Bu çox təhlükəlidir. Tik-toklaşan media, tik-tok mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, informasiya üzərində hakimiyyəti əldən verəndə onun ağır nəticələri qaçılmazdır.
Deputat deyib ki, son 6 ayda hər gün Qarabağda növbəti hərbi toqquşmaların, Rusiyanın hərbi paradı ətrafında ajiotajın, məmurlar arasında iqtisadi mənafe uğrunda uydurulan parçalanmanın üzərindən insanlarımız təbliğat hücumlarına məruz qalır.

“Lakin təkcə bir misalın nəticəsi-9 mayda iddiaların gerçəkləşməməsini sorğu-sual edən yoxdur, əvəzində yeni qara təbliğatla süni, qeyri-real gerçəklik formalaşdırır, obyektiv, inanılmış xəbərlər şübhə altında qoyulur. Azərbaycana qarşı maliyyələşdirilən informasiya platformalarına iqtidarı linç etmək üçün aşağıdakı tezislər ətrafında tapşırıqlar verilib:

Dövləti şəhid ailələri ilə üz-üzə qoyun və onun müqəddəsliyə söykənən təbliğatını ləkələyin! Dövləti qazilərlə qarşıdurmada qələmə verin və belə mənzərə yaradın ki, düşmənlə silahla vuruşan oğullar məmurlarla da eyni üsulla mübarizə aparmalıdır. Dövləti Rusiya ilə gizli işbirliyində ittiham edin və Kremldən idarə olunan iqtidar imicinə hər gün yeni cizgilər qatın. Ənənəvi korrupsiya mövzusu ilə hakimiyyətdə hamını oğurluqda suçlandırın, qanundan kənar elan edin.

Dünyada azərbaycanlılarla bağlı baş verən istənilən neqativ hadisəni, ölən, itən, ailə dramı yaşayan hər kəsi hakimiyyətlə əlaqələndirin, onların cansız varlığını, şəxsi uğursuzluqlarını iqtidarın üzərinə atıb onu dünya xəbər məkanında hədəfə çevirin. Mənəvi dəyərləri inkar edən bir xətti qabardın, ailələrin etnik, dini, siyasi və region mənsubiyyəti, cinsəl kimliyi əsasında dağılmasını tirajlayın, mavi inqilab üçün mühit hazırlayın!”

Z.Oruc qeyd edib ki, saxta xəbərlərin dövriyyəyə çıxmasının texnologiyası isə çox sadədir: ilk olaraq, diqqət çəkməyən şəxsi hesablarda bir iddia ortaya atılır, daha sonra həmin versiya dövlətdaxili ziddiyyət kimi qələmə verilir.

Z.Oruc bəzi media orqanlarını da tənqid edib, onları saxta təqdimatlarda təqsirləndirib.
“Baxın, cəmiyyətimizi maksimalizmə elə öyrədirlər ki, sensasiya və şok olmayan hadisənin, normal xəbərin qəbulu get-gedə çətinləşir”.

Millət vəkili təklif edib ki, xəbərin meydanı genişləndirmək, mətbuatın müstəqilliyini artırmaq və peşəkarlıq üçün mediadan uzaqlaşmış yüzlərlə insanın yerini doldurmaq gərəkdir:
“Saxta informasiya ilə müharibə üzrə yeni dövlət startegiyasına ehtiyac var. Biz parlamentarilər də onun hazırlanmasında iştirak etməliyik.

İkincisi bütün teleradioların sosial şəbəkə üzərindən auditoriyasını genişləndirməliyik. Şəbəkə mütəxəssislərini yetişdirmədən işlər getməz. Çünki çoxmilyonlu auditoriya uğrunda mübarizə əraziləri ələ keçirmək üçün aparılan silahlı döyüşlərdən daha amansız gedir!”, - deyə Z.Oruc fikrini yekunlaşdırıb.

Aqşin Kərimov


Вернуться назад