Главная > Siyasət > Ordumuza ləkə yaxan qüvvələr: düşmənin əlinə oynayan “5-ci kolon”, saxta videolar...

Ordumuza ləkə yaxan qüvvələr: düşmənin əlinə oynayan “5-ci kolon”, saxta videolar...


9-12-2020, 08:51. Разместил: azadses
Azərbaycan Ordusunun Qarabağda qazandığı parlaq qələbəni həzm edə bilməyən düşmən qüvvələr məkrli əməllərlə bu zəfəri gözdən salmağa çalışırlar.

10 noyabr tarixli üçtərəfli bəyanatın ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin guya, baş kəsməsilə bağlı videolar sosial şəbəkələrdə dövriyyəyə buraxılıb.

Həmin videoların saxta olduğu, məqsədli şəkildə hazırlandığı və onları yayanların Azərbaycan Ordusu gözdən salmağa çalışdığı istisna deyil.
Rusiya və Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış videoları həm “5-ci kolon”un üzvləri yayır, həm də təxribatlara uyub, bu materialların doğruluğunu yoxlamayanlar.

''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, təxribat xarakterli, Azərbaycanın imicinə və şanlı Ordumuza ləkə yaxmaq məqsədi daşıyan videolar erməni mənbələrində hazırlanıb:

“Ona görə də qətiyyətli mövqe nümayiş etdirmək lazımdır. Sosial şəbəkə iştirakçıları və dövlətimizin hüquq-mühafizə orqanları birgə hərəkət etməlidir. Əgər bu videoların yayılmasında hansısa azərbaycanlının iştirakı varsa, ona qarşı Azərbaycan qanunları çərçivəsində sərt tədbirlər görülməlidir. Çünki həqiqəti əks etdirməyən, montaj edilən və beynəlxalq aləmdə Azərbaycanın imicinə ziyan vurmaq məqsədi daşıyan bu cür hallara qarşı qəti mövqe qoymaq lazımdır. Əgər bu kənardan hazırlanaraq Azərbaycan auditoriyasına təqdim edilibsə, onu ifşa etmək və ünvanını dəqiq göstərmək lazımdır. Cinayət işi açılmalı və bunu İnterpol səviyyəsinə çıxarmaq lazımdır. Bundan sonra da yaramaz tayfanın belə təxribatları ilə üz-üzə qalacağıq. Onlar necə düşüncə sahibidirlər ki, məğlubiyyətlərini dərk edib nəticə çıxarmaq əvəzinə, olmayan orduları ilə Azərbaycanı hədəliyirlər. Yeni hakimiyyətə gələn Xarici İşlər naziri Azərbaycana sərsəm şəkildə dörd dənə şərt qoyur. Bu cür xəstə təxəyyülə malik tayfa ilə dost olmaq əsla mümkün deyil. Erməniliyə qarşı mübarizə hələ də davam edir. Onları beynəlxalq aləmdə də ifşa edib, iç üzlərini bütün dünyaya göstərməliyik”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, belə videoların paylaşılması çox zərərlidir. O qeyd edib ki, hər kəs mütəxəssis olmadığına görə, videoların saxta olduğunu anlamaq çətindir:

“Əlbəttə ki, bunların çoxu düşmən qüvvələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, onların nəzarəti altındakı saytlardan yayılır. Bəzən bunları Azərbaycan saytı kimi göstərirlər. Mən bir neçə video görmüşdüm, sonra məlum oldu ki, bunlar Paşinyanın ofisindən yayılıb. Çox xoşagəlməz formada əsgərlərimizi təqdim edirlər. Təəssüf ki, bəzi gənclərimiz bu xəbərləri aydınlaşdırmadan yayırlar. Erməni tərəfi və dırnaqarası hüquq orqanları bundan sui-istifadə edirlər. Bunu hamı bilməlidir ki, Azərbaycan əsgəri humanistdir. Biz gördük, ermənilər öz soydaşını partlama yerində qoyub getdi. Azərbaycan Ordusu onu xəstəxanaya gətirdi və cərrahi əməliyyat olundu. Eyni zamanda ermənilər öz yaşlı vətəndaşlarını qoyub qaçmışdılar. Yenə də biz onlrın qayğısına qaldıq. Hətta əsir və girovların dəyişdirilməsi məsələsində öz yaşlılarından imtina etdilər. Onsuz da erməni əhalisi bəşəriyyətə nifrət hissiylə yaşayır. Belə videoları  yaymaqla gələcəkdə hansısa məhkəmədə bu məsələni qaldırmaq istəyirlər. Çox təəssüf ki, vətəndaşlarımız istəmədən olsa belə, həmin materialların yayılmasında iştirak edirlər. Məsuliyyətli olmalıyıq, bizim böyük qələbəmizə hər hansı formada ləkə salmaq istəyən xarici qüvvələrə qarşı çıxmalıyıq. Yanlış xəbərləri yayanlar bunun ictimai rəyə necə təsir edəcəyini də hesablamalıdırlar”.

Hüquqşünas xatırladıb ki, bir neçə dəfə prokrorluq və Müdafiə Nazirliyi bu tip videoları yaymamaq barəsində cəmiyyətə xəbərdarlıq etmişdi:

“Düşünürəm ki, bunlar təkrar olunmalıdır. Sosial şəbəkələrdə fəal olan şəxslər də bu xəbərdarlığı etməlidir. Biz qələbə çalmışıq, biz qalib xalqıq. Əsgərlərimiz qalib ordunun nəfərləridir. Pis vəziyyətdə qalan insana kömək etmək bizim dinimizdən, genimizdən gəlir. Belə şeylərə aludə olmayın,  bunları yaymağı dayandırın! Bunlar xüsusi qurulmuş tələlərdir, düşməməliyik! Belə videoların yayılmasına görə məsuliyyət müəyyənləşdirilməlidir. Belə hallar yolverilməzdir. Hazırda düşmən qüvvələri tərəfindən Azərbaycanı ləkələmək üçün böyük işlər aparılır. Onlar başqa dövlətlərə, vəzifəli şəxslərə bu yollarla təsir etməyə çalışırlar. Soydaşlarımız bu məsələdə diqqətli olmalıdırlar”.

Politoloq Ərəstun Oruclu da bu məsələ ilə bağlı sosial şəbəkədə müraciət yayaraq, diqqətli olmağa çağırıb, həmin videoların Rusiya və Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını istisna etməyib:

“Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX-nın məsələni araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər Ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir.
Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət Azərbaycanın qalib Ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq.
Müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı bölüşməyi zəruri hesab edirəm.
Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır.
Gəldiyimiz digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir.
Üçüncü məqam isə videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da ideal seçilib.
Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Telegram-kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların "əlinə düşməsi" təbii ki, suallar doğurmaya bilməz.
Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, düşmənin iyrənc əməlləri təkcə davam etməyəcək, həm də ordumuzu, cəmiyyətimizi tam məhv edəcək. Elə öz içimizdəkı satqınların və xainlərin əlilə”.

Вернуться назад