Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ermənistanın son təxribatlarına dair mətbuat konfransı keçirib. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə Küveytin “Dasman News” agentliyi məlumat yayıb. Sayt bildirir ki, səfir Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycanın işğal olunmuş ərazilərinin bütövlüyünü və suverenliyini bərpa etmək üçün apardığı hərbi əməliyyatlar barədə məlumat verib. Səfir diqqətə çatdırıb ki, Ermənistan ordusunun sentyabrın 27-də beynəlxalq hüquq qaydalarını pozaraq Azərbaycanın yaşayış məntəqələrini və hərbi sahələrini atəşə tutması nəticəsində mülki şəxslər və əsgərlər arasında ölən və yaralananlar olub, buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Səfir Azərbaycan cəmiyyətinin tam birlik nümayiş etdirirək, Vətən müharibəsi aparıldığını deyib, bütün siyasi təşkilatların hökumətə, Ali Baş Komandana dəstək verdiyini açıqlayıb. O, mətbuat konfransında bugünədək işğaldan azad edilən ərazilərimiz barədə informasiya verib, habelə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasını və əlavə protokollarını kobud şəkildə pozaraq, mülki əhalini, yaşayış və dövlət obyektlərini, məktəbləri, bağçaları bombalamaqda davam etdiyi diqqətə çatdırıb. Qarabağda Azərbaycan tərəfdən guya muzdluların döyüşməsi iddialarının əsassız olduğunu deyən diplomat, bəzi media orqanlarının yalan və qərəzli xəbərləri yaymasının yolverilməzliyini diqqətə çatdırıb: “Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsi aparır və başqa bir ölkənin torpaqlarında heç bir gözümüz və iddiamız yoxdur və əminik ki, haqlı işimizdə qalib gələcəyik”.