İran hesablamaları səhv apardı: Azərbaycan dövləti terrorçuları tapır - ŞƏRH
Deputat Fazil Mustafanın güllələnməsi planı kəşfiyyat orqanının işidir. Bunu yerli medianın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumat əsasında yaydığı informasiyalar da təsdiqləyir.
Təbii ki, ipucları İranın üzərinə aparır. Məlumatlara əsasən, İranın xüsusi xidmət orqanları plan hazırlayaraq Azərbaycandakı agentura şəbəkəsinə təlimatlar verib. Budəfəki təlimat terror törətmək idi.
İlk gündən onsuz da bütün şübhələr İranın üzərində cəmləşmişdi. Çünki İran üçün terror adi bir üsuldur, hələ Tehrandakı Azərbaycan səfirliyinə məqsədli və planlı hücumdan sonra bu, daha da aydın oldu.
Fazil Mustafa ilə bağlı məsələyə gəlincə, İran xüsusi xidmət orqanları deputatı güllələmək üçün ərazini xüsusi seçiblər.
Cinayət yeri ona görə xüsusi olaraq deputatın evinin qarşısı seçilib ki, ora kor nöqtə olub. Yəni hadisə yeri kameraların əhatə dairəsindən kənarda yerləşib.
Azərbaycanın hüquq-mühafizə orqanları gərgin işdən sonra terrorun planlayıcısını, sifarişçilərini və icraçılarını ifşa ediblər.
İran kəşfiyyatı burada da hesablamalarını səhv aparıb. İran düşünürdü ki, Azərbaycan dövləti bu cinayətin izinə düşə bilməyəcək. Lakin düşünməyə ağlı yetmir ki, Azərbaycanın əlində olan texniki imkanlar və hüquq-mühafizə orqanlarının gərgin əməyi onların işini ifşa edəcək.
İran hər nə qədər təxribatlara sevgi göstərsə də, Azərbaycan bu planları ifşa etməyə davam edəcək.
İran başqa yerləri qan gölünə çevirmək planlarındansa, yaxşı olar ki, öz daxilini təmizləsin. Ölkədə molla rejiminin qudurğanlığı və talançılığı xalqı narazı salıb.
Molla rejimi özünə o qədər sərvət toplayıb ki, hakimiyyət daxilində onu bölüşdürmək üçün mübarizə də qırğınla müşayiət olunur. Amma bir şey dəqiqdir: Molla rejimi həmin pulları terrora xərcləməkdə xəsislik etmir.
Ancaq bu pullar boşuna xərclənir. Yaxşı olar ki, molla rejimi həmin pulları ölkədə tüğyan edən problemlərin həlli üçün yönəltsin.