Главная > Mədəniyyət / Manset > AYB Şuşadakı qurultaya hazırlaşır

AYB Şuşadakı qurultaya hazırlaşır


5-04-2022, 18:48. Разместил: admin
Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının iyul ayında Şuşada keçirilməsi nəzərdə tutulub.

Bu barədə "Azadsəs.az"a Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, tədbirin dəqiq tarixi bir qədər sonra müəyyənləşəcək: “Ötən il Vaqif Poeziya Günlərində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim Prezident İlham Əliyevlə söhbətində təklif etdi ki, Birliyin növbəti qurultayı Şuşada keçirilsin. Cənab Prezident də onun təklifini çox müsbət qarşıladı. Bu il biz nəzərdə tuturuq ki, elə Vaqif Poeziya Günləri keçirilən vaxtda qurultayı keçirək”.



R.Məcid qurultayın məhz Şuşada keçirilməsinin əhəmiyyətindən danışıb: “Bilirsiniz ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, həm də bu il “Şuşa İli”dir. Yazıçılar Birliyinin təşəbbüsü ilə zəfərimizlə bağlı “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” adlı kitab çap olunub. Kitabda Azərbaycan yazıçılarının Şuşa ilə, Qarabağla bağlı yazıları öz əksini tapıb. Bu mənada yazıçıların qurultayının Şuşada keçirilməsinin dərin mənası var. Çox gözəl təşəbbüs oldu. Bu, bütün yazıçılar tərəfindən rəğbətlə qarşılanıb. Güman edirik ki, qurultay yüksək səviyyədə keçəcək. Hazırlıq işləri gedir”.



AYB-nin sədr müavini əlavə edib ki, qurultayda 100-ə yaxın qonağın iştirakı gözlənilir: “Çox sayda xarici yazıçı qurultayda iştirak etmək, Şuşanı görmək istəyir. Türkiyədən də, başqa ölkələrdən də yazıçılar müraciət edib. Tanınmış yazıçıların əksəriyyəti dəvət olunacaq. Siyahı bu yaxınlarda dəqiqləşəcək”.

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmamışdı.
Вернуться назад