Главная > Mədəniyyət > Minarəsinin bərpasına 1 milyon manat ayrılan məscidin təmirində yeyintiyə yol verildiyi üzə çıxıb

Minarəsinin bərpasına 1 milyon manat ayrılan məscidin təmirində yeyintiyə yol verildiyi üzə çıxıb


14-02-2022, 17:00. Разместил: admin
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan yoxlamalar zamanı abidələrin bərpa-konservasiyası və abadlıq işlərində nöqsanlar aşkarlayıb.

"Azadsəs.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik auditinin nəticələrinə dair hesabatında qeyd olunub.

2014-2020-ci il dövründə 13 abidənin bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün cəmi 603 570 manat məbləğində 13 satınalma müqaviləsi bağlanaraq icra edildiyi halda, 1 yanvar 2021-ci il tarixə həmin abidələrdən, layihə-smeta xərci 75 543,6 manat təşkil edən Şəki şəhərindəki Gileyli məscidinin minarəsi istisna olmaqla, heç birində bərpa-konservasiya işlərinin aparılmaması və abidələrin təbii (zəlzələ, sel və daşqın, hava şəraitinin təsiri altında təbii erroziya və s.) və antropogen (insanlar tərəfindən Abidələrin bilərəkdən və ya bilməyərəkdən, ehtiyatsızlıqdan dağıdılması) amillərin təsiri altında bərpa-konservasiyaya ehtiyac səviyyəsinin dəyişilməsi baxımından qeyd edilən layihə-smeta sənədlərinin zamanla aktuallığının itirilməsi və bununla da həmin sənədlərin hazırlanmasına çəkilən xərclərin səmərəliliyi və nəticəliliyinin azalması risklərinin yaranması aşkarlanıb.

Həmçinin, Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə minarənin pilləkəninin bərpası üzrə taxtadan əltutan və üzlük lövhələrin hazırlanması, bərk cinsli pəncərə bloklarının qoyulması, taxta döşəmənin bərpası və plintusların vurulması, taxta balyansinlərin qurulması, II dərəcəli oyma işlərinin görülməsi və həmin hissələrin laklanması üzrə müqavilədə cəmi 12 827,1 manat, minarənin ətrafında 25 kvadratmetr sahədə yaşıllıq işləri üzrə cəmi 6 008 manat, ümumilikdə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Auditor hesabatında Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə cəmi 18 835,1 manat məbləğində yerində aşkar olunmayan işlərin sona çatdırılma tarixinə faktiki yerinə yetirilmə vəziyyətinin Xidmət tərəfindən araşdırılması, nəticələrə müvafiq tədbirlərin görülməsi, abidələrdə bərpa, konservasiya və təmir işləri üzrə gələcəkdə belə halların baş verməməsi üçün həmin işlər üzərində müəllif və texniki nəzarət tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.
Вернуться назад