Главная > Manset > Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyevanın doğum günüdür26-08-2020, 11:05. Разместил: azadses |
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib. Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi var. ''Azad Səs'' kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edir! Вернуться назад |