Главная > Manset / İdman > Gimnast: Avropa çempionatında mühüm dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirik

Gimnast: Avropa çempionatında mühüm dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirik


28-05-2024, 09:42. Разместил: azadses
Avropa çempionatında mühüm dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk. Çünki Mehriban xanımın hər zaman bədii gimnastikaya xüsusi dəstəyi olub.

“Report”un xəbərinə görə, bu fikirləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.

G.Ağalarzadənin sözlərinə görə, mövcud qaydalara əsasən bədii gimnastika yarışlarında rəqabət getdikcə daha da güclənir: “Bu o deməkdir ki, bədii gimnastika tədricən inkişaf edir. Əlbəttə, rəqabət bizi qorxutmur, əksinə, daha da güclü edir.

Komanda yoldaşlarımla Avropa çempionatında yaxşı nəticələr göstərdik. Ən böyük məqsədimiz olimpiya oyunlarına lisenziya qazanmaq idi. Buna layiq idik. Hər kəsə göstərdik ki, lisenziyaya layiqik”.

“Kvotanın bir olması psixoloji cəhətdən mübarizəni çətinləşdirirdi. Amma bilirdik ki, kompozisiyamızı təmiz eləsək, lisenziya bizim olacaq. Lisenziyanın əldə edilməsində məşqçilərimizin zəhməti çoxdur. Azərbaycan Gimnastika Federasiyasına, bizi dəstəkləyən hər kəsə minnətdarıq”, - o qeyd edib.

G.Ağalarzadə vurğulayıb ki, olimpiya oyunlarında da mühüm nəticələr əldə etmək üçün əllərindən gələni əsirgəməyəcəklər: “Olimpiya oyunlarına 2 ay qalır. Qalib gəlmək üçün daha çox səy göstərəcəyik. Çalışacağıq ki, olimpiya oyunlarında Azərbaycan bayrağını qalib kimi dalğalandıraq”.

Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib. Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb.


Вернуться назад