Главная > Manset / Dünya > Türkiyədə yerli seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb31-03-2024, 14:44. Разместил: azadses |
Türkiyədə yerli seçkilər başlayıb. “Report” xəbər verir ki, bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı, eyni zamanda Elçə Bələdiyyə Məclisi və El Baş Məclisinin üzvləri müəyyənləşəcək. Ölkədə eyni gün və sadəcə bir turda keçiriləcək yerli seçkilərdə seçicilər yerli idarəetmə orqanlarının müxtəlif mövqelərinə təmsilçilər seçəcəklər. Bu çərçivədə metropoliyalarda böyükşəhər bələdiyyə sədri, böyükşəhər bələdiyyə məclisi üzvləri, elçə bələdiyyə sədri, elçə bələdiyyə məclisi üzvləri, habelə muxtarlar; elçələrdə El Baş Məclisinin üzvləri, elçə bələdiyyə sədri, Elçə Bələdiyyə Məclisinin üzvləri, muxtarlar; bəldələrdə isə El Baş Məclisinin üzvləri, bəldə bələdiyyə sədri, Bəldə Bələdiyyə Məclisi üzvləri, muxtarlar seçiləcək. Bütün bələdiyyə və muxtar seçkilərində ən çox səs toplayan (50 %+1 prinsipi burada keçərli deyil) namizəd seçkidə qalib elan olunacaq. Bələdiyyə məclisi üzvləri partiyaların aldıqları səslərə görə müəyyən ediləcək. Muxtarların namizədliyi isə müstəqil şəkildə irəli sürülür, onlar hər hansısa partiyanı birbaşa təmsil etmirlər. 61 milyon 441 bin 882 vətəndaşın səsvermə hüququna malik olduğu yerli seçkilərdə 1 milyon 32 min 610 gənc ilk dəfə bu imkana sahib olacaq. Seçkilər mart ayında keçirildiyi üçün Ali Seçki Şurası 32 şərq elində mövsüm şərtləri və qürub vaxtını nəzərə alaraq səsvermə vaxtını 1 saat əvvələ çəkib. Bu səbəbdən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İqdır, Kilis və ərazi vahidlərindəki cəzaçəkmə müəssisələrində səsvermənin başlama və bitmə saatları 07:00-16:00 (Bakı vaxtı ilə 08:00-17:00) arasında olacaq. Bu ellərin xaricindəki digər yerlərdə səsvermə saatları 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arasında olacaq. Seçkilər ancaq Türkiyə ərazisində keçirilir, xaricdə yaşayan Türkiyə vətəndaşları yerli seçkilərdə iştirak edə bilməzlər. İqtidar və müxalifət partiyaları yerli seçkilərə daha çox parçalanmış şəkildə girirlər. Belə ki, əsas rəqiblərindən fərqli olaraq Ədalət və İnkişaf Partiyası (AK Partiya) Miliyyətçi Hərəkat Partiyası (MHP) ilə birgə qurduğu “Cümhur İttifaqı”nı yerli seçkilərə daşımaq qərarına gəlib. Ancaq 2023-cü il seçkilərində ittifaq şəriyi olan Yenidən Rifah Partiyası (Yenidən Rifah) indi iqtidarın rəqibidir. Yenidən Rifah bəzi vacib yerlərdə iqtidar partiyasının seçkidə məğlub olmasına səbəb ola bilər. Müxalifət partiyaları isə ötən il “Millət İttifaqı”nın dağılmasından sonra öz qüvvələri ilə seçki sınağı qarşısındadır. 2019-cu ildə keçirilmiş yerli seçkilərdə ölkənin qərbində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədlərini dəstəkləmiş Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) bəzi istisnalar olmaqla, öz namizədləri ilə mübarizə aparır. 30 böyükşəhər və 29 eldə AK Partiya ilə ortaq namizəd irəli sürmüş MHP yalnız iki böyükşəhərdə öz namizədini irəli sürüb. MHP hələ də nəzarət etdiyi Manisa ilə yanaşı az fərqlə uduzduğu Mersini də qazanmağı hədəfləyir. Ümumilikdə 34 partiyanın iddialı olduğu bələdiyyə seçkilərində mübarizənin episentri müxalifətin nəzarətində olan paytaxt Ankara və İstanbul bələdiyyələrində olacaq. Yerli sosioloqların proqnozlarına görə, Ankara meri Mansur Yavaş (CHP) növbəti beş ildə də bələdiyyəni idarə edəcək. Əkrəm İmamoğlunun rəhbərlik etdiyi İstanbulda isə mübarizə 2019-cu ildə olduğu kimi başabaş gedəcək: sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun (AK Partiya) səslərin azı 40 faizini toplayacağı gözlənilsə də, hazırkı bələdiyyə sədri cüzi də olsa onu qabaqlayır. Prezident və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan İstanbulu geri almaq üçün bütün imkanlarını səfərbər edib. Fərqli namizədə baxmayaraq, bu seçkilər İmamoğlu ilə Ərdoğan arasında döyüş meydanı kimi qiymətləndirilir. 2019-cu ildə iki dəfə seçkidə məğlub olmuş AK Partiya üçün İstanbulun geri alınması seçkidə zəfər simvoluna çevrilə bilər. Buna görə də Ərdoğan səfər etdiyi yerlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Murat Kuruma, eləcə də yerli namizədlərinə dəstək istəyir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu seçkilər ölkədəki iqtisadi böhran və zəlzələ təhlükəsi fonunda keçirilir. Artıq altı ilə yaxındır ki, Türkiyə iqtisadi böhran yaşayır. Ölkəni bu böhrandan çıxarmaq vədləri seçkiqabağı kampaniyanın tərkib hissəsinə çevrilib. Bununla belə, İstanbul başqa bir təhlükə ilə üz-üzədir: yeraltı təkanlar. Seysmoloqlara görə, hər an dağıdıcı zəlzələ şəhəri vura bilər və yerli orqanlar insan tələfatını və maddi ziyanı minimuma endirmək üçün bütün mümkün tədbirləri görməlidir. AK Partiyanın gündəmində şəhərin yenidən qurulması layihələri, o cümlədən köhnə təhlükəli binaların sökülməsi və zəlzələyə davamlı yeni binaların tikilməsi daxildir. “Murat Kurumun adı şəhər inkişafı ilə əlaqələndirilir və bu baxımdan simvolik məna daşıyır”, – siyasi elmlər professoru Seda Demiralp söyləyib. Kurumun daha texnokrat olduğunu vurğulayan Demiralp onun rəqibindən fərqli olaraq brend olmadığına da diqqət çəkib: “Öz brendi ilə deyil, partiya markası ilə əlaqələndiriləcək, İmamoğluda isə bunun əksidir”. Əvvəlki seçkilərlə müqayisədə Ərdoğanın bir üstünlüyü var: müxalifət artıq əvvəlki kimi birləşməyib. İmamoğlunun 2019-cu ildəki qələbəsi böyük ölçüdə millətçilər, dünyəvilər, liberallar, mühafizəkarlar, islamçılar və ən əsası kürdlərdən ibarət altı partiyalı koalisiyasının dəstəyi ilə olub, çünki İstanbulda həm də çox böyük kürd icması var. Lakin prezident seçkilərindəki məğlubiyyətdən sonra müxalif ittifaq dağılıb və onun üzvü partiyalar, o cümlədən İstanbulda güclü və sadiq seçki bazası olan kürdyönümlü DEM Partiyası seçkilərdə iştirak etmək üçün öz namizədlərini irəli sürüb. Başqa müxalifət namizədlərindən heç birinin İstanbulda qalib gəlmək üçün yetərincə səs toplama ehtimalı olmasa da, onlar İmamoğlunun qalib gəlməsinə mane ola bilərlər. Digər tərəfdən, İmamoğlunun lehinə oynaya biləcək mühüm amil islamçı Yenidən Rifahın AK Partiyanı dəstəkləmək əvəzinə İstanbulda öz namizədini irəli sürməsi olub. İstanbulda İmamoğlu və Kurum təkcə öz sadiq tərəfdarlarının səsinə deyil, həm də qələbəni təmin etmək üçün digər partiyaların seçicilərinin də dəstəyinə ehtiyac duyurlar. AK Partiya həm də CHP-nin nəzarətində olan Antalya, Adana, Əskişəhər və Hatayda da seçkilərdə qalib gəlməkdə iddialıdır. CHP isə üç böyükşəhər və 2019-cu ildə qazandığı bələdiyyələrdəki mövqelərini qorumaqla yanaşı, Balıkəsir, Bursa və Manisada seçkilərdə birinci olmağı hədəfləyib. Bununla belə, Hatay və Antalyada bələdiyyənin iqtidar partiyaya keçəcəyi proqnozlaşdırılır. 2019-cu ildə o zamankı adı ilə Xalqların Demokratik Partiyası (HDP, indiki adı ilə DEM Partiyası) yalnız lider olduğu ərazilərdə namizəd irəli sürmüş, qərbdə isə CHP-nin namizədlərini dəstəkləmişdi. DEM Partiyası bu dəfə ölkənin qərbində kürd əhalisinin sıx məskunlaşdığı yerlərə iddialıdır. Bu çərçivədə partiyanın məqsədi Mersin, İzmir, Aydın və İstanbulun bəzi elçələrində bələdiyyə sədri çıxarmaqdır. DEM Partiyası İstanbul Böyükşəhər Bələdiyyə Məclisində qrup yaradacaq çoxluğa nail olmaq niyyətindədir. CHP ilə müttəfiqliyə son qoymuş İYİ Partiya isə partiya nümayəndələrinin tez-tez ifadə etdiyi kimi “azad və müstəqil” şəkildə ilk dəfə seçkiyə girir. Yerli seçkilər İYİ Partiyanın davamlılığı və 2028-ci il seçkilərində iddiasını qoruyub saxlaması baxımından əhəmiyyətli olaraq görülür. İYİ Partiyanın seçkilərdə istədiyini ala bilməməsi siyasi təşkilatda rəhbərlik dəyişikliyinə, partiya sədri Akşenerin siyasətdən getməsinə və parçalanma prosesinin başlamasına səbəb ola bilər. Sonuncu yerli seçkilərdə heç bir el bələdiyyəsini qazana bilməyən və qazandığı elçələrin sayı cəmi 21 olan İYİ Partiya üçün bu rəqəmin artması uğur kimi qiymətləndiriləcək. Ordu İYİ Partiyasının ən iddialı olduğu yerdir. Nevşehir, Niğde, Ədirnə və Uşak partiyanın qalib gəlmə ehtimalının yüksək olduğu digər ellərdir. 2023-cü il seçkilərində “Cümhur İttifaqı”nda yer alan Yenidən Rifah yerli seçkilər üçün AK Partiya ilə apardığı danışıqlarda uzlaşa bilməyəndən sonra seçki yarışına öz namizədləri ilə girməyə qərar verib. AK Partiyadan istefa verən və ya namizədliyi göstərilməyən bəzi şəxslərin də namizədliyini irəli sürən Yenidən Rifah AK Partiyaya qapısını bağlamış seçicilərin çoxunun üz tutacağı partiya kimi görünür. İstanbulun bəzi rayonlarında, o cümlədən mühafizəkar seçicilərin sıx yaşadığı və hələ də AK Partiyanın tabeliyində olan Arnavutköy və Sultanbəylidə Yenidən Rifah iddialıdır. Yenidən Rifahın özünü seçkidə qalib gəlməyə ən yaxın gördüyü böyükşəhər Şanlıurfadır. Partiya həmçinin son seçkilərdə 10 faiz səs topladığı Malatyada bələdiyyə sədrliyinə iddialıdır. Вернуться назад |