Главная > Manset / Siyasət > Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə bağlı iclası keçirilir - YENİLƏNİB-2

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə bağlı iclası keçirilir - YENİLƏNİB-2


13-02-2024, 17:00. Разместил: azadses
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsi Plenumunun iclasında 7 nəfərin prezidentliyə namizədliyinin qeydə alındığını bildirib.

"Report"un xəbərinə görə, MSK sədri seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçinin izlədiyini qeyd edib.

M.Pənahov xatırladıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb: "Seçicilərin fəallığı 76,43 faiz olub".

MSK-nın qərarına əsasən, seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.

M.Pənahov bildirib ki, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: "Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər".

11:10
Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

“Report”un xəbərinə görə, S.Salmanova qeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

Məruzəçi hakim Kamran Şəfiyev prezident seçkiləri ilə prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.

11:01
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

“Report”un xəbərinə görə, toplantıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, MSK fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.


Вернуться назад