Главная > Manset / Siyasət > BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın məruzəsi müzakirə olunub, müsbət qiymətləndirilib

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın məruzəsi müzakirə olunub, müsbət qiymətləndirilib


15-11-2023, 17:05. Разместил: azadses
Noyabrın 14-də BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsi nəzərdən keçirilib.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzv dövləti tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətlərdə tövsiyələr verilir.

Nazir müavini dövri məruzə çərçivəsində çıxış edərək, ölkəmizdə həyata keçirilən işlər, beynəlxalq insan hüquqları mexanizmləri çərçivəsində əməkdaşlıq, “Böyük Qayıdış” dövlət proqramı, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, azərbaycanlıların hüquqlarını pozulması fakrları, itkin düşmüş şəxslər məsələsi və s. ilə bağlı ətraflı məlumat təqdim edib.

Azərbaycan üzrə UDİ baxışı çərçivəsində BMT-nin 120-ə yaxın üzv dövlətinin nümayəndələri çıxış edərək ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair öz tövsiyələrini təqdim ediblər.

Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu sahədə müsbət dinamikanın davam etdirilməsi tövsiyə olunub.

Çıxışçıların böyük bir qismi ölkəmizdə mülki, iqtisadi və mədəni hüquqların qorunması, dayanıqlı iqtisadi və sosial inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, eləcə də ictimai xidmətlərin göstərilməsində informasiya texnologiylarından istifadəsini təqdir edib.

Azərbaycanın multikulturalizm modelinin, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində önəmli rolu vurğulanıb.

Azərbaycan Qoşulmama Hərəkatına fəal sədrliyi alqışlanıb.

İşğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı, bu ərazilərimizdə aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, dağıdılmış yaşayış məntəqələrinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulması yüksək qiymətləndirilib.

Çıxışlarda həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərə diqqət çəkilib.

Ölkəmizdə elm və təhsil sahəsində, eləcə də qadın və uşaqlarının hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlar alqışlanıb.

Azərbaycanın milli məruzəsi, eləcə də digər aidiyyəti sənədlərlə bu internet səhifəsində tanış olmaq mümkündür.

Ümumilikdə, Azərbaycanla yanaşı, bu il 6-17 noyabr tarixlərində 14 ölkənin məruzəsinə baxış keçirilməsi nəzərdə tutulub.


Вернуться назад