Главная > Manset / Cəmiyyət > Əsrə bərabər 20 il - müdrik lider, böyük strateq, qalib sərkərdə - ŞƏRH
Əsrə bərabər 20 il - müdrik lider, böyük strateq, qalib sərkərdə - ŞƏRH13-10-2023, 08:52. Разместил: azadses |
Tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. Bu gərgin, yorulmaz fəaliyyətin nəticəsində Azərbaycan tək regionda deyil, postsovet məkanında söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda elə bir iqtisadi, siyasi layihə yoxdur ki, Azərbaycanın iştirakı olmasın, rəyi nəzərə alınmasın. Sözsüz ki, “Domokl qılıncı” kimi başımızın üstünü kəsdirən Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 20 illik fəaliyyətinin ən mühüm nailiyyətidir. Nəticədə 30 il Vətən həsrəti ilə alışıb-yanan insanların doğma torpaqlarına qayıdışı təmin olunur. İşğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, qısa müddət ərzində bütün keçmiş qaçqın və məcburi köçkünlərin doğma yurda, öz ev-eşiklərinə dönüşü baş tutacaq. Dövlətimizin başçısı Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Etiraf edək ki, bu xoşbəxtlik çox az liderə nəsib olur. Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri ilə Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Dünya hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində keçirilən tədbirlərlə reallaşması qeyri-mümkün olan həyata keçirildi. Bu, Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu. Xalqa milli qürurunu qaytaran LİDER İkinci Qarabağ müharibəsi 30 illik işğal, təcavüz, təqib, münaqişəyə son qoymaqla yanaşı, xalqa milli qürur hissini qaytardı. Qalib dövlətin vətəndaşı olmaq sevincini sadəcə sözlə ifadə etmək olmur. İlham Əliyev xalqa özünün Qələbə gününü qeyd etmək şərəfini nəsib etdi. Tək bu uğur onu Azərbaycan xalqının əbədi liderinə çevirib. Bu qələbə ilə Prezident İlham Əliyev tək Ümummilli Liderin deyil, milyonlarla insanın arzusunu reallaşdırmış oldu. İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olundu və Azərbaycan xalqı təsəvvüredilməz qürur və sevinc hissləri yaşadı. Bu qürurlu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli ordumuzdur. Həqiqətən də, bu Qələbə tək Azərbaycanda, regionda deyil, bütövlükdə dünyada əks-səda doğurdu. Bu qələbə separatizmdən, ərazisinin işğal olunmasından əziyyət çəkən xalqlarda, dövlətlərdə ümid yaratdı, insanlarda mübarizə ruhunu yüksəltdi. 15 oktyabrdan başlayan ZƏFƏR 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağı vədini verən İlham Əliyev qısa zaman kəsiyində bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etdi. Bunu biz deyil, dünyanın aparıcı dövlətləri, siyasətçiləri, nüfuzlu media orqanları da təsdiqləyir. 20 ilin nəticələri göz önündədir. Bu gün Azərbaycan keçmiş sovet məkanında ən qüdrətli dövlətlər sırasında yer alıb və tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs vermişdi və ötən illər də göstərdi ki, onlar seçimlərində yanılmayıblar. İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Qafqazda lider, Avropada söz sahibi olan dövlət Bizləri qalib xalqa, Azərbaycanı Qafqazın lider dövlətinə çevirən İlham Əliyev prezidentliyinin ilk ilindən bütün sahələri əhatə edən irimiqyaslı və geniş islahatlara start verdi. Heydər Əliyev irsinin layiqli davamçısı çox gözəl bilirdi ki, hər bir dövlətin inkişafı onun iqtisadi qüdrətindən keçir və bu səbəbdən də bütün fəaliyyətini məhz bu istiqamətdə qurmağa başladı. Məhz iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Ötən illər göstərdi ki, İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. İlham Əliyev 20 il ərzində inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirməyə müvəffəq olub, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. “Azərbaycanın iqtisadiyyatı güclü olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisi ilə respublikaya rəhbərliyə başlayan, ölkənin inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatlar, ordu quruculuğu, məhkəmə sisteminin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə birbaşa bağlı olduğunu zərgər dəqiqliyi ilə bildirən İlham Əliyevin sərəncamları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası, islahatların geniş sferada həyata keçirilməsi nəticəsində ölkəmizdəki dinamik inkişaf başqalarına nümunə kimi göstərilir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir, “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Beləliklə, bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20-ci ildönümünü qeyd edir. Bu 20 ilin hər bir ilinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığı şəksizdir. Ən böyük sevinc də odur ki, bu tarixi xoş ovqatla, ərazi bütövlüyü təmin olunan Azərbaycanın məğrur, yenilməz xalqı kimi qeyd edirik. Вернуться назад |