Главная > Manset / Dünya > Ermənistanda revanşistlər baş qaldırır - hədəf Paşinyandır - ŞƏRH

Ermənistanda revanşistlər baş qaldırır - hədəf Paşinyandır - ŞƏRH


7-10-2023, 15:12. Разместил: azadses
Erməni cəmiyyətində İkinci Qarabağ müharibəsində yaşanan biabırçı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, revanşist əhvali-ruhiyyə güclənməkdədir. Daha doğrusu, Ermənistanı bu yolla getməyə vadar edirlər. “Məğlub dövlət” damğasını yaxına buraxmamaq istəyini gücləndirən qüvvələr hər gün yeni-yeni ideya və təkliflərlə çıxış edirlər. Özlərinə lider də axtarıb tapıblar - keçmiş müdafiə naziri Arşak Karapetyanı. Bu şəxs 2016-cı il Aprel döyüşlərində biabırçı fəaliyyəti ilə yadda qalıb. Ona görə də döyüşlərdən bir neçə gün sonra ovaxtkı prezident Serj Sarqsyanın əmri ilə tutduğu silahlı qüvvələrin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən yol verilən nöqsanlara görə azad edilib.

İddialara görə, Karapetyanın rəhbərlik etdiyi kəşfiyyat idarəsi vəzifələrini yerinə yetirməkdə səhlənkarlığa yol verib, nəticədə Ermənistan tərəfi 2016-cı ildə Aprel döyüşləri ilə bağlı kifayət qədər məlumat əldə edə bilməyib. Az sonra Nikol Paşinyanın “inqilabçı” komandasına qoşulub və mükafatını da qazanıb. Nikol 2021-ci ildə əvvəl onu Baş Qərargah rəisinin birinci müavini, sonra müdafiə naziri vəzifəsinə təyin edib. 2022-ci ildə vəzifəsindən azad edilib. İndi də keçmiş nazirini separatçıların ordusunu məhv etməkdə günahlandırır, sosial şəbəkələrdə yerləşdirdiyi videoda ona qarşı təhqirlərə yol verir. Son videosunda isə əvvəlcə vəzifəsindən qovulmasına toxunub və bunu Qarabağa səfər etməsi ilə əlaqələndirib. Bildirib ki, məqsədli şəkildə Qarabağda ordunun zəiflədilməsinə çalışılıb. Sabiq nazirin qənaətincə, indiki hakimiyyət diletantlardan, qorxaqlardan ibarətdir. Bu səbəbdən də onları istefaya çağırıb. Arşak Karapetyan bütün dünya ölkələrinin ermənilərinə müraciət edərək yeni siyasi qüvvə yaratdığını bəyan edib: “Mən siyasi fəaliyyətimin başladığını elan etmək, Ermənistanı daxili və xarici düşmənlərdən azad etmək üçün siyasi hərəkat yaratmaq, Ermənistanın dövlətçiliyini qoruyan və ölkənin çiçəklənməsini təmin edən etibarlı və təhlükəsiz sistem yaratmaq qərarına gəldim”. O, bütün vətənpərvər qüvvələri ətrafında birləşməyə çağırıb.

Eks-nazirin fikirlərində maraqlı məqam onun diasporaya çağırış etməsidir. Bununla da müəyyən məqamlar üzə çıxır. Şübhəsiz ki, vaxtilə müdafiə naziri olan bu şəxs Ermənistan ordusunun vəziyyətini çox gözəl bilir. Anlayır ki, vaxtilə rəhbəri olduğu ordu heç bir zaman Azərbaycan üzərində qələbə qazanmaq iqtidarında olmayıb və olmayacaq da. Hədəf sadəcə prosesə erməni lobbisini cəlb etmək, onun ayıracağı maliyyədən yararlanmaqdır. Yəni sələflərinin yolu ilə getməyə çalışır.

Görəsən, əvvəlki hakimiyyət tərəfindən yarıtmaz fəaliyyət və səriştəsizlikdə ittiham olunaraq vəzifədən azad edilən, sonradan Nikol tərəfindən mükafatlandırılan bu şəxs necə olur ki, indi hakimiyyəti ittiham edir, onu satqınlıqda günahlandırır? Nə qədər qəribə səslənsə də, burada Rusiya amilini də qabardırlar. Arşak Karapetyanın mesajını rus dilində yayması, eləcə də hakimiyyəti erməni xalqını Rusiyaya qarşı qızışdırmaqda ittiham etməsi təsadüfi deyil. Rusiya sülhməramlılarının fəaliyyətinin uğurlu qiymətləndirilə bilməyəcəyini dərk edən Karapetyan eyni zamanda iki ölkə xalqlarının bir-birinə qarşı qoyulmasının qarşısını almağa çağırır: “Rusiya rəhbərliyini erməni xalqını və ölkəmizin dövlətçiliyini məhv etmək cəhdlərinin qarşısını daha sərt şəkildə almağa çağırıram”.

Erməni mediası da bu yeni hərəkatı şərh edib və iddialara görə, Nikol Paşinyan Ermənistanın Rusiyadakı səfiri, keçmiş müdafiə naziri Vağarşak Arutyunyanla təcili danışıb. Ondan Rusiyada kimin Karapetyana himayədarlıq etdiyini soruşub. Eləcə də Karapetyan üçün hansı planın hazırlandığını və nə gözlənildiyini aydınlaşdırmağı tələb edib.

Görünən odur ki, Rusiya asanlıqla Ermənistanı tərk etməyə tələsmir. Ölkədə antirus əhvali-ruhiyyə güclənsə də, Kreml ümidini itirmir, Karapetyanın timsalında mövqelərini geri qaytarmağa çalışır. Buna nail olub-olmayacağını isə zaman göstərəcək.


Вернуться назад