Главная > Manset / Siyasət > Xalq və Vətən naminə fədakarlıq, milli-mənəvi dəyərlərə sadiqlik - ŞƏRH

Xalq və Vətən naminə fədakarlıq, milli-mənəvi dəyərlərə sadiqlik - ŞƏRH


26-08-2023, 16:02. Разместил: azadses
Xalq və Vətən naminə fədakarlıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət. Avqustun 26-da doğum gününü qeyd edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini bu prinsiplər təşkil edir. Sözün hər mənasında dövlətimizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verən Mehriban Əliyeva doğma Vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyətinin bəzi məqamlarına qısaca nəzər salaq.

Heydər Əliyev Fondu - dünyada öz çoxmiqyaslı, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur

Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətində 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi yer tutur. Fond Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sayəsində dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumuna çevrilib. Ulu öndərin adını daşıyan, onun ideya və əməllərinin təntənəsinə xidmət işində misilsiz nüfuz qazanıb. Öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirib, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilib. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ölkəmizin müasirləşməsinə, beynəlxalq arenada tanınmasına və nüfuzunun artmasına xidmət edir. Azərbaycanın Birinci vitse-prezidentinin həyat amalı milli mənafelərimizi qorumaq, ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil etməkdən ibarətdir.

Heydər Əliyev Fondu sülhə və əmin-amanlığa sanballı töhfələrini verir. 44 günlük Qarabağ müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizə göstərilən diqqət və qayğısı bunun bariz nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. 2016-cı il dördgünlük Aprel döyüşləri, eləcə də, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimizin müalicə və reabilitasiya məqsədilə Türkiyəyə göndərilib. Müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamının yüksək səviyyədə icrası çərçivəsində konkret tədbirlər görüb.

Fondun layihəsi çərçivəsində Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzində də Vətən müharibəsinin şanlı salnaməsini yazan, xalqımıza qələbə sevinci bəxş edən cəsur qazilərimizin itirdikləri sağlamlıqlarına protez vasitəsilə də olsa qovuşmaları üçün hər cür şərait yaradılıb.

Heydər Əliyev Fondunun Vətən müharibəsi qazilərinin sağlamlığının bərpasına və ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyəti ictimaiyyət arasında böyük rəğbət doğurub. Qazilərin respublikamızda və xarici ölkə xəstəxanalarında müalicə olunmasında, protezlə təmin edilməsində, onlara yeni mənzillər, fərdi evlər və avtomobillərin verilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür ki, bu da ilk növbədə Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır.

Xalqa sədaqət, dövlətə xidmət

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Mehriban xanım Əliyeva bu sözləri 2017-ci il 21 fevral tarixində Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Bu gün bizlər Mehriban xanımın söylədiyi fikirləri real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə ölkə başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Bütün bunlar xalqa sədaqətlə xidmət etməyin bariz nümunəsidir. Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da tanının və təqdir edilir. Çoxsaylı humanitar aksiyalarda, xeyriyyə tədbirlərində Heydər Əliyev Fondunun aktiv iştirakı var.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr barədə çox danışmaq olar, çünki onlar saysız-hesabsızdır. Hamısı da orijinallığı, yetkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Qısa zamanda bu qədər işin öhdəsindən gəlmək insanlarda dərin ehtiram və qürur hissi yaradır. Bu sərhəd tanımayan xeyirxahlıqda mərhəmət və şəfqət dolu fəaliyyətdə Birinci vitse-prezident Mehriban Əliyevaya uğurlar arzulayırıq. Bəli, beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuz, xalqın böyük rəğbətini qazanmaq Onun gərgin əməyin nəticəsidir. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva bundan sonra da ölkəmizin milli-mədəni dəyərlərinin, tolerantlıq mühitinin qorunması və təşviqi işləri ilə ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdə davam edəcək.


Вернуться назад