Главная > Manset / Dünya > Krım Tatar Məclisinin üzvü: “Qayıdışı təmin etmək üçün türk dövlətləri köç agentlikləri yaratmalıdır” - MÜSAHİBƏ
Krım Tatar Məclisinin üzvü: “Qayıdışı təmin etmək üçün türk dövlətləri köç agentlikləri yaratmalıdır” - MÜSAHİBƏ8-08-2023, 15:58. Разместил: azadses |
“Azərbaycan, Şimali və Cənubi Qafqaz soyqırımı siyasətinin son 200 ildə həyata keçirildiyi əsas məkan olub. Bu siyasətdən müxtəlif türk xalqları əziyyət çəkib, sovet tərkibindəki türk xalqları yurdlarından didərgin düşüb. Sürgünə məruz qalan xalqların yurdlarına qaytarılması çox mühüm məsələdir. Onların qayıdışını təmin etmək üçün türk dövlətləri XX əsrin əvvəllərində yəhudilərin etdikləri kimi köç agentlikləri yaratmalıdırlar. Bu köç agentlikləri əsas məlumat mərkəzi olmalıdır”. Bunu “Report”a müsahibəsində Krım Tatar Milli Məclisinin Almaniya təmsilçisi Ahmet Özay deyib. O, 1944-1989-cu illər arasında sürgün həyatı yaşayan Krım tatarlarının qayıdış praktikası, 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra tatarların üzləşdikləri problemlər və ümumiyyətlə, sürgün taleyi yaşayan xalqların yurdlarına qovuşmaq üçün atmalı olduğu addımlar barədə suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik: - Ahmet bəy, əvvəlcə Krım tatarlarının hazırkı vəziyyəti barədə məlumat almaq istəyərdim... - Məlumdur ki, 200 ildən çoxdur Krım Rusiyanın işğal etdiyi türk torpağıdır. Sadəcə Sovet İttifaqı dağıldıqdan sonra Ukraynanın müstəqillik qazanması ilə Ukraynaya bağlı Krım Muxtar Respublikası kimi varlığını davam etdirirdi. Təxminən 2,2 milyon əhalisi olan bu muxtar ərazidə etnik olaraq ruslar üstünlük təşkil edirdi, təxminən bir milyon rus yaşayırdı. Oradakı ukraynalılar 600 min civarında idi. Tatarların sayı isə 400 min nəfərə yaxındı. Krımın hərbi quruluşu səbəbilə keçmiş sovetin təqaüdçü hərbçiləri də orada yaşayırdılar. Bu nəslin yox olması ilə rusların Krımdakı sayı ümumi əhalinin 50 faizindən aşağı oldu. Bəlkə də, elə bu məqam 2014-cü ildə baş tutan işğalın arxasında dayanan səbəblərdən biridir. Yəni rus əhalinin Krımda azalması nəticəsində Rusiya Krıma hərbi müdaxilə etmək fikrinə düşüb. Ancaq 2014-cü il işğalından əvvəl də Krımdakı tatarların rus siyasiləri ilə problemləri vardı. Rus siyasilər Krımdakı tatar mövcudluğunu tanımaq istəməyib. Lakin bununla belə, yeni nəslin yetişməsi ilə birlikdə Krım tatarları dövlət orqanlarında daha ağır məsuliyyətləri üzərilərinə götürür, həmçinin Ali Radada təmsil olunurdular. Bundan başqa, müstəqil milli orqanları olan Krım Tatar Milli Məclisində də muxtariyyət idarəetməsinə sahib idilər. Öz məktəbləri, məscidləri vardı. Müəllimlərin maaşını Krım Tatar Milli Məclisi ödəyirdi. Krım tatarları 2014-cü ilin fevralına qədər cəmiyyət tərəfindən ölkənin əsl sahibləri olaraq qəbul edilirdilər. - Bəs Rusiyanın Krım yarımadasını ilhaqından sonra orada tatarların həyatında nə kimi dəyişikliklər baş verdi? - Krım tatarları torpağına bağlı insanlardır. Müharibələr olsa da, Krımda tatarlar həmişə passiv bir mübarizə üsulunu seçiblər, bu gün də həmin siyasəti yürütdükləri üçün orada cəbhələşmə yaşanmır. Orada təhsil səviyyəsi çox yüksəkdir. Ona görə də 2014-cü ildən əvvəl Krımdakı Krım Muxtar Respublikasının inzibati və mədəni strukturlarında vəziyyət necə idisə, indi də elədir. Yalnız iki ciddi problem var ki, bunlardan biri sələfilik cərəyanı adı altında insanların milli kimlikdən və ana dili istifadəsindən uzaqlaşdırılmasıdır. Digər problem isə Krım tatarlarının ekstremist adlandırılaraq evlərinin axtarılması, nəzarətdə saxlanmaları və həbs edilmələridir. Bundan başqa, bu gün səssiz, təmsil edilməyən təxminən 300-350 minlik bir əhali də mövcuddur. Onlar əkinçilik və heyvandarlıqla məşğul olur və bu tip məsələlərdən kənarda həyatlarını davam etdirirlər. Krım tatarları ilə bağlı mövcud problemlərdən biri də Krım Milli Məclisinin strukturlarının qapadılmasıdır. Nəticədə təmsilçilərin bir neçəsi ölkəyə qayıda bilmədi, bəziləri həbsə atıldı. Məsələn, bizim Milli Məclis sədrinin köməkçisi Nəriman Cəlala 17 illik həbs cəzası verildi. Halbuki onun ekstremizmlə əlaqəsinin olmasından söhbət belə gedə bilməz. Çünki bizim Krım tatarları arasında milli hərəkatımızda ekstremizmi, şiddəti müdafiə edən bir nəfər belə yoxdur. Ölkənin real sahiblərinin olduğumuzu həm biz, həm də ruslar bilirlər. Krımda dövlət quran ilk və sonuncu xalq bizik. Bu mövzuda rusların deyəcək bir sözü olduğunu düşünmürəm. Sadəcə bir çox məclis üzvlərini həbs etməklə aradan götürməyə çalışırlar. - Sovet dövründə sürgün edilən xalqlar arasında Krım tatarları da var. Sovet İttifaqı dağılanda onlar öz vətənlərinə qayıtmağa necə nail oldular və indiyədək deportasiya edilənlərin neçə faizi Krıma geri qayıdıb? - Sürgün edilən və öldürülən Krım tatarlarının sayı 500-600 min civarındadır. Krımdan, əsasən, əli silah tutmayan, İkinci Dünya müharibəsinə getməmiş yaşlılar, qadınlar və uşaqlar sürgün edilib. Onların sayı 450-500 min civarında idi. Əgər bu sayı əsas götürsək, deməli, sovet ordusu tərkibində 100-150 min civarında Krım tatarı vardı. Biz onların heç birinin savaşdan geri qayıtmasına şahid olmadıq. Onlar Şərq və Qərbdən olan güclər tərəfindən cəbhədə öldürüldü. İkinci Dünya müharibəsinə nəzər saldıqda “Krım tatarları sovet dövlətinə xəyanət etdi” kimi stalinist bir iddia qarşımıza çıxır. Mən Almaniyada yaşayan və bu məsələni araşdıran bir insan olaraq deyə bilərəm ki, Krım tatarlarının faşist ordusundakı sayı iki min nəfəri keçməyib. 150 min Krım tatarı sovet ordusunda döyüşərkən, alman ordusunda bu say 2500 civarında olub. Ancaq Sovet İttifaqı zamanı belə əsassız iddialar səsləndirilib və 500 min civarında Krım tatarı Türküstan coğrafiyasına, bugünkü Özbəkistan, Qazaxıstan, Tacikistana sürgün edilib. Onların geri qayıtmaları 1969-cu ildən etibarən gündəmə gəlib. Krım tatarları digər millətlərə qarşı sovetlərin “yumşalma” siyasətindən faydalanmaq istəsələr də, ötən əsrin 80-ci illərinə qədər bu, mümkün olmadı. Ancaq SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun 1991-ci ildə yaratdığı imkanla Krım tatarları kütləvi şəkildə geri qayıtmağa müvəffəq oldular. Bu istiqamətdə xüsusilə bir hadisəyə diqqət çəkmək lazımdır. 1989-cu ildə Ağməsciddə Türkiyə ilə SSRİ arasında idman yarışı Krım tatarlarının ölkəyə qayıtmasına ciddi təsir göstərib. Çünki həmin vaxt bir çox insan avtobuslarla yarış izləmək bəhanəsi ilə bəlkə də, ilk dəfə Krıma gedib, qohumları ilə görüşüblər. Bu gün Krım tatarlarının 80-90 faizi Krımda yaşayır və ümumi əhalinin 13-15 faizini təşkil edirlər. - Krım tatarları Krımdan başqa, daha hansı ərazilərdə yaşayırlar? Krım tatarlarının digər ölkələrdəki sayı və həyat tərzi haqqında məlumat verə bilərsinizmi? Həmçinin müxtəlif ölkələrdə məskunlaşmış Krım tatarları yığışıb vaxtaşırı müzakirələr aparırlarmı? - Bəli, Krıma qayıdanlardan başqa, geri dönə bilməyənlər də olub. Məsələn, Özbəkistanda 100 min civarında Krım tatarı yaşayır. Bundan başqa, Qafqaz və Türkiyədə tatar icması mövcuddur. Türkiyədəki Krım tatarlarının sayı milyonlarladır. Ancaq onlar özlərini Krım türkləri şəklində ifadə etdikləri üçün say daha çox da ola bilər. Kiyevdə, bəlkə, 15 min civarında Krım tatarı yaşayır. Krım tatarlarının bir-birləri ilə münasibətləri isə çox yaxşıdır. Hamısı bir-biri ilə heç olmasa, sosial media vasitəsilə məlumat ala bilirlər. Xüsusilə Türkiyə mediası bu məsələdə həssas olduğu üçün Krımda, Ukraynada və Rumıniyadakı hadisələr ciddi şəkildə izlənilir. Krım tatarlarının “Krım Xəbər Agentliyi”, “Radio meydan” kimi xəbər agentliyi, televiziya və radioları da var. Toplanıb görüşməklərinə gəldikdə isə Dünya Krım Tatar Konqresi var ki, burada az əvvəl adını çəkdiyim ölkələrin hamısından, Avropa da daxil olmaqla müxtəlif yerlərdən Krım Tatarlarının Milli Məclis təmsilçiləri, təşkilat rəhbərləri, liderləri təmsil olunur. COVID-19 səbəbilə Krım tatarları üçün təşkil edilən müzakirələr onlayn formata daşınıb. - Düz 45 illik bir sürgün həyatı yaşanıb. Necə oldu bu deportasiyanın Krım tatarlarına qarşı cinayət kimi qiymətləndirilməsinə və bunun qanunla təsdiq tapılmasına nail olundu? Yəqin ki, bu nailiyyət qazanılana qədər hədsiz çətinliklər yaşanıb və həmin çətinliklərə qarşı böyük bir iradə nümayiş olunub. Sizcə, müasir dövrdə eyni qədəri yaşayan digər türk xalqları nə etməli, hansı addımı atmalıdırlar? - Stalinin törətdiyi qətliamların bir insanlıq cinayəti olduğunu sovet rəsmiləri daxil olmaqla hər kəs bilirdi. İkinci Dünya müharibəsindən sonra Almaniya bütün ölkələrlə masa arxasına əyləşib, müəyyən razılaşmalar əldə edərək ya onlardan üzr istədi, ya da SSRİ ilə razılıq əldə etdi. Krım tatarları qırğına Almaniya tərəfindən də məruz qalıblar. İkinci Dünya müharibəsində 150 tatar kəndi qəbiristanlıqları ilə birlikdə məhv edilib. Amma bu məsələ hələ də açıqdır. Bizim əvvəllər bu mövzuda Almaniyanın Daxili və Xarici İşlər Nazirliyi ilə müzakirələr aparmağımıza rəğmən, Rusiyanın 2014-cü ildən apardığı Ukraynanı işğal siyasəti nəticəsində bu görüşlər hazırda donmuş vəziyyətdədir. Almaniya da bizə bir təzminatı ödəmək niyyətində olduğunu rəsmən bəyan etdi. Avropa ölkələrinin hamısı Krım Milli Məclisinin varlığını qəbul etməkdədir. Biz Krım tatarları məsələsi ilə bağlı Almaniya və Avropa Parlamentində, hətta Ukrayna NATO ilə görüşməsinə başlamadan əvvəl NATO-da, Avropa Şurasında rəsmi heyətlər olaraq görüşlər təşkil etdik. Bu görüşlər arxivə salınıb. Bu diplomatik gedişlər nəticəsində Krım tatarları istəklərinə nail olublar. Bugünkü müasir Ukrayna dövlət fəlsəfəsinin əsasında Krım Tatar Xanlığının təsiri olduğuna inanıram. Çünki Krım Tatar Xanlığından əvvəl və sonra ukraynalılar, təəssüf ki, öz ölkələrində dövlət strukturu yarada bilməyiblər. Ona görə də Krım tatarlarının Ukrayna dövləti baxımından iradəsini ortaya qoymağı, həm Krım tatarları soyqırımının Qərbdə, Ukraynada qəbuluna, həm də dövlət platformalarında müdafiə olunub qəbul edilməsinə səbəb olub. Krım tatar varlığının qəbul edilməsi istiqamətində çətinliklər, təbii ki, yaşanıb. Ancaq uzun mübarizə ilə vəziyyəti dəyişməyə nail olmuşuq. Beləliklə, bundan 10 il əvvəl Krımı xəritədə tapa bilməyən millətlər bu gün Krımın xəritədə yerini göstərə bildikləri kimi, Krımın Krım tatar torpağı olduğunu da bilirlər. - Bildiyiniz kimi, azərbaycanlılar da bu acı taleyi həm sovet dövründə, həm də ondan əvvəl yaşayıblar. Təkcə Sovet dövründə Qərbi Azərbaycandan 450 min Azərbaycan türkü qovulub. Onlar illərdir öz tarixi torpaqlarına dönə bilmirlər. Onlarla bağlı fikirlərinizi də bilmək istərdik. Sizcə, soydaşlarımızı öz evlərinə qaytarmaq üçün nə edə bilərik? - Azərbaycan, Şimali və Cənubi Qafqaz tarixi bu soyqırımı siyasətinin son 200 ildə həyata keçirildiyi əsas coğrafiya olub. Bu siyasətdən müxtəlif türk xalqları əziyyət çəkiblər. Sovet tərkibindəki türk xalqları yurdlarından didərgin düşüb. Sürgünə məruz qalan xalqların yurdlarına qaytarılması çox mühüm məsələdir. Onların qayıdışını təmin etmək üçün türk dövlətləri XX əsrin əvvəllərində yəhudilərin etdikləri kimi köç agentlikləri yaratmalıdırlar. Bu köç agentlikləri əsas məlumat mərkəzi olmalı və həmin agentliklərin Qırmızı Aypara təşkilatları qurulmalıdır. Əgər dövlət strukturunda təmsil olunmurlarsa, o zaman öz platformalarını yaratmalı, BMT və Avropa Şurasında təmsil edilməlidirlər. Bu istiqamətdə çalışmaq istəyən insanlar bizimlə əlaqə qura bilər. Bu iş ixtisas məsələsidir. Bu tip quruluşlar türk qardaşlarımızın yurdlarına qayıtması istiqamətində hüquqi və fiziki həll yollarını yarada bilər. Вернуться назад |