Главная > Manset / Cəmiyyət > HDQ komandanı: "Azərbaycan yeni gəmi silahları və sahil artilleriya qurğuları alacaq"
HDQ komandanı: "Azərbaycan yeni gəmi silahları və sahil artilleriya qurğuları alacaq"25-06-2023, 18:03. Разместил: azadses |
Azərbaycan yeni gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar və sonarlar almaq imkanlarını araşdırır. "Report" xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib. Onun sözlərinə görə, bu il iyunun 4-dən 11-dək İtaliyanın Spetsiya şəhərində keçirilən sərgidə bu ölkənin əsas müdafiə sənayesi şirkətlərindən olan Leonardo, Finkantieri, Reinmetal, DRASS və çoxlu sayda digər şirkətlərin hərbi texnologiyaları sərgilənib: "Sərgi zamanı yeni gəmi, gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar, sonarlar və digər müdafiə texnologiyalarını nəzərdən keçirilərək aidiyyəti üzrə mütəxəssislərə tapşırıqlar verilib. Tədbir zamanı İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərinin zavod və infrastrukturlarına ziyarətlər təşkil edildi və sözügedən şirkətlərin istehsal etdikləri müdafiə sənayesi məhsullarını yerindəcə incələmək imkanımız oldu. Xüsusilə suüstü dəniz platformalarıyla yanaşı, müşahidə, kəşfiyyat, rabitə üzrə təqdim olunan texnikalar bizim diqqətimizi çəkdi və qeyd olunan texnikalar haqqında daha detallı görüşlərimiz davam edəcək". Komandan deyib ki, İtaliyanın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətiylə iyunun 4-dən 11-dək İtaliyanın Spetsiya şəhərində keçirilən "SEAFUTURE - 2023" müdafiə sənayesi sərgisini izləyib və eləcə də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus yeni gəminin inauqurasiya mərasimində iştirak edib: "İyunun 5-də İtaliyanın Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Enriko Kredendino ilə, tarixi "VESPUÇİ" gəmisində görüş zamanı Azərbaycan və İtaliya arasında cari ilin yanvar ayında imzalanmış Hərbi Əməkdaşlıq Protokolunun müddəalarını müzakirə etdik, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında gələcək perspektiv və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də daxil olmaqla hərbi, hərbi təhsil haqqında fikir mübadiləsi apardıq". Onun sözlərinə görə, sərgi bu il 8-ci dəfədir ki, keçirilir və hər dəfə iştirakçı ölkələrin və eləcə də müdafiə sənayesi üzrə tanınmış şirkətlərin siyahısı artmaqda davam edir: "Sərgi İtaliyaın Spetsiya şəhərində yüksək səviyyədə keçirildi. Müasir müdafiə sənayesi texnologiyalarına sahib olmaq hər bir ölkənin marağında olduğu kimi, bizim də önəm verdiyimiz prioritet məsələlərdəndir. Qeyd edim ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda, müdafiə sənayesinin gətirdiyi yeni texnologiyaları yerində incələmək və Hərbi Dəniz Qüvvələrində tətbiqi barəsində məlumat əldə etmək üçün görüşlər keçirdik. Sərgidə müdafiə sənayesi texnologiyaları ilə yanaşı, "Mavi iqtisadiyyatın dayanıqlı və güvənliyi üzrə Okeanların mühafizəsi", "Rəqabət dövründə texnologiya və imkanların inkişafı" mövzuları üzrə kiçik simpoziumlar da təşkil olundu". "Qədim dəniz tarixinə sahib ölkə olan İtaliya, eyni zamanda, müasir dəniz texnologiyalarına da sahibdir. Müxtəlif cür gəmi platformaları inşa etməklə yanaşı, suüstü və sualtı müdafiə sistemlərinə və texnologiyalarına sahib qabaqcıl şirkətləri mövcuddur. İtaliya tərəfinin Hərbi Dəniz Qüvvələri üçün hərbi-texniki əməkdaşlığı yönündəki təkliflərinin ölkəmiz üçün faydalı olacağına inanıram. Hərbi-texniki əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, hərbi təhsildə inkişafa təkan olacaq, qarşılıqlı maraq doğuran bir sıra fəaliyyətlərin icra və inkişafına xidmət edəcək", - Sübhan Bəkirov vurğulayıb. Вернуться назад |